Bizim futbol

Tural Cəlilov: “Kəpəz”ə bir il də şans versələr…”

“Kəpəz”in təcrübəli müdafiəçisi Tural Cəlilov Dsport.az saytına müsahibə verib:

- “Neftçi” ilə matçda komanda xal qazanmağa yaxın oldu. Ancaq sonda məğlubiyyətdən qaça bilmədiniz. Görüşü necə şərh edəcəksən?
- “Neftçi” ilə oyuna yaxşı hazırlaşmışdıq. Düzdü, zədə səbəbindən bir neçə oyunçumuz yox idi. Meydana qələbə üçün çıxmışdıq. Son oyunumuz idi, qələbə ilə ayrılmaq istəyirdik. Gəncəli azarkeşləri qələbə ilə sevindirməyi çox istəyirdik. Ancaq alınmadı.

- “Neftçi”nin qalib gəlməsi ədalətli nəticə idi?
- Mənə elə gəlir ki, ədalətli nəticə bərabərlik idi. Ancaq bəxtimiz gətirmədi. Matç bərabərliklə bitməli idi. İkinci qolu heç nədən buraxdıq, uduzduq. 

- “Kəpəz”in Premyer Liqada olmayacağı açıqlanandan sonra oyunlara hansı əhval-ruhiyyə ilə çıxırdınız?
- Premyer Liqada qalıb-qalmayacağımız hələ dəqiq deyil. Hər şey ola bilər. Premyer Liqada da qala bilərik. Oyunlara birinci diviziona düşmək əhval-ruhiyyəsilə çıxmamışdıq. Çünki hələ heç nə bəlli deyil, qalacağıq, ya qalmayacağıq. Ona görə də əhval-ruhiyyə normaldı.

- “Kəpəz”in bu mövsüm çıxışını necə dəyərləndirirsən? Səncə, niyə komandanız belə zəif çıxış etdi?
- İkinci dövrədən sonra komandanın oyununda çox dəyişikliklər oldu. Xal itirdiyimiz, uduzduğumuz oyunların 80 faizini yaxşı oynamışıq. Oyun baxımından yaxşı oynayırıq. Sadəcə, ani səhvlərlə uduzmuşuq.

- “Səbail”ə 2:3 hesabı ilə uduzduqdan sonra Şahin Diniyev komandadan ayrıldı. Necə düşünürsən. Şahin Diniyev qalsaydı, hər şey tamam başqa cür olardı?
- Bu barədə bir söz deyə bimərəm.

- Gəncəsiz, “Kəpəz”siz Azərbaycan Premyer Liqasını necə təsəvvür edirsən?
- Gəncəsiz Premyer Liqa elə də maraqlı olmayacaq. Çünki Gəncə futbolu Azərbaycan futbolunda sözünü demiş bölgədi. Gəncə komandası çempionata rəng qatır. Rəqiblər də Gəncəyə gəlib xal qazanmaq istəyəndə çox əziyyət çəkir. “Kəpəz”ə bir il də şans versələr, hər şey öz yerini tutacaq. Mənə elə gəlir ki, Gəncə təmsilçisi Premyer Liqada olmalıdı. Çünki azarkeş də yaxşıdı Gəncədə.

- “Kəpəz”i yüksək liqada “Sabah” əvəz edəcək. “Sabah”ın Premyer Liqaya buraxılması sənin üçün gözlənilməz olmadı ki?
- Bu barədə də nəsə demək istəməzdim. 

- Son dəfə “Xəzər Lənkəran”la birinci diviziona düşmüşdün, bu dəfə isə “Kəpəz”lə belə uğursuzluq yaşadın. Bu iki klubdakı çıxışını uğursuz sayırsan?
- Düzdü, “Xəzər Lənkəran”la da düşmüşdüm birinci liqaya. Qismətdi də, nə etmək olar? Heç kim istəməz ki, oynadığı komanda ilə birinci liqaya düşsün. Düzdü, uğursuzluqdu, ancaq qismətdi, hər bir futbolçunun başına gələ bilər.

- Təkliflərin varmı digər klublardan?
- Görək “Kəpəz”in aqibəti necə olacaq. Ondan sonra təklifləri dəyərləndirəcəm. Xeyirlisi, görək də, gələn il də Premyer Liqada çıxış etmək istəyirəm.