Bizim futbol

İsgəndər Cavadov: “Kəpəz” Premyer Liqada qala bilər”

Gəncədə “Kəpəz” və “Neftçi” komandaları arasındakı Azərbaycan Premyer Liqasının 28-ci tur matçını canlı izləyən AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadov "Report”un suallarını cavablandırıb.

Dsport.az həmin müsahibəni təqdim edir:

- "Neftçi"nin 2:1 hesabı ilə qalib gəldiyi oyun barədə təəssüratlarınız necədi?
- Oyun çox gözəl keçdi. "Kəpəz”in də qol vurmaq imkanı var idi. Amma sonda qələbəni "Neftçi" qazandı.

- Görüşdən əvvəl azarkeşlər sizə "Kəpəz"in Premyer Liqadan uzaqlaşdırılması ilə bağlı etirazlarını bildirdilər. Bunu necə qarşıladız?
- Gəncənin böyük azarkeşləri var. Onlar bu şəhərdə futbolun olmasını istəyirlər. Bu, göstərir ki, burada güclü azarkeş var.

- Bəs özünüz "Kəpəz”in Premyer Liqanı tərk etməsi ilə bağlı nə deyə bilərsiz?
- Bilirsiz necədi? İstərdik ki, qalsın. Amma hələ qərara gəlməmişik.

- Yəni, "Kəpəz”in elitanı tərk etməsi tam olaraq təsdiqlənməyib?
- Yox, hələ tam təsdiqlənməyib.

- Azarkeşlər klubun Premyer Liqadan uzaqlaşmasını istəmirlər...
- Sonuncu yeri tutduğu üçün özlərinin də günahı var. Onlara şərait yaradılıb, stadionun ot örtüyü düzəldilib. Məşqçilər korpusu il ərzində fikirləşməli, nə isə etməli idi. Desəm ki, digər komandalar güclüdürlər, bu da düz olmaz. "Qarabağ” və "Qəbələ” lider kimi görünür. Amma digər komandalar eyni səviyyədədilər. "Kəpəz” də oynaya, yaxşı nəticə qazana bilərdi. Məşqçilər korupusunda problem olması mümkündü. Ola bilər ki, təzə başlayıblar, nəticə vermək çətindi. Bu yolu keçiblər və növbəti mövsüm "Kəpəz”i qaldırmaq, bundan da yaxşı nəticə qazanmaq, öz yerini tutmaq üçün nə etmək lazım olduğunu fikirləşməlidilər. Hamısı baş məşqçidən asılıdı.

- Gəncəyə səfər etməyiniz klubun gələcəyi ilə bağlı müzakirə aparmaq məqsədi daşıyır?
- Yox, Regional Futbol Federasiyalarının rəhbəri kimi oyunlara gəlib baxır, izləyirəm. Hardasa nə isə problem ola bilər. Görürsüz ki, azarkeşlərin hamısı komandanın yüksək liqada qalmasını xahiş edirlər. İndi ola bilər ki, komanda qalsın.

- Bu, gözlənilir, yoxsa sadəcə, sizin də istəyiniz bu cürdü?
- Reqlamentə əsasən, bir komanda Premyer Liqanı tərk etməli, biri gəlməlidi. Biz qərara gəlmişik ki, elitadan komanda çıxsın, birinci diviziondan başqası gəlsin. Belə də olmalıdı...

- "Kəpəz” yenidən özünə gəlməyə başlamışdı. Komandanın birinci diviziona düşməsi mənfi hal deyil?
- Azarkeş həmişə gələcək. Hər şey məşqçilərdən asılıdı. Klub rəhbərliyi şərait yaradırsa, məşqçilər korpusu komandanın yaxşı çıxış etməsi üçün tədbir görməlidi. Bu vəziyyətə salındığı üçün günah kimdədi? Elə məşqçilərdə də ola bilər.

- Yəni, günahkar məşqçilər korpusudu?
- Hə, ola bilər ki, problemləri var. Amma yenə deyirəm, onlar təzə gəliblər. Bir ilə komanda düzəltmək də çətindi. Bunun üçün 1-2 il vaxt lazımdı. Qalsalar, nəticə çıxaracaqlarını, növbəti mövsüm bu səhvləri təkrarlamayacaqlarını düşünürəm.

- Belə bir fikir var ki, birinci diviziondan tam başqa bir "Kəpəz” gələcək...
- Ola bilər. Gözlənilir.