Bizim futbol

“Demba Banı 5 milyon avroya Azərbaycana gəlməyə razı salmaq olar”

“Qarabağ” və “Neftçi” klubları ilə çempionluq yaşamış Mehmet Ak Dsport.az saytına müsahibə verib. Hazırda Türkiyənin “Göztəpə” klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərən Ak saytımıza müsahibəsində bir çox suallarımızı cavablandırıb:

- “Göztəpə” klubunda köməkçi məşqçi kimi çalışırsız. Əvvəlki işlərinizdən daha ağırdı işiniz?
- Bəli, “Göztəpə”də köməkçi məşqçi kimi çalışıram. Liqanı altıncı olaraq bitirdik. Deyərdim ki, uğurlu mövsüm keçirdik. Avrokuboklara vəsiqəni son anda əldən verdik. Bizim işlərimiz onsuz da hər zaman çətindi. Məşqçilik çətin işdi. Çünki 30 nəfərlə işləyirsən. Hər zaman da uğurlu olmağa məcbursan.

- Azərbaycanda iddialı klublarda çalışmısız. Ümumiyyətlə, Azərbaycan çempionatı kənardan necə görünür?
- Azərbaycan futbolu inkişaf etməkdədi. Ancaq daha da yaxşı olmalıdı. Premyer Liqada daha çox və daha səviyyəli komandalar olmalıdı. Bu zaman daha yaxşı olacaq. 

- “Qarabağ” artıq üst-üstə beşinci ildi ki, çempionluğu əldə edir. Sizcə, liqamız zəifdi, yoxsa “Qarabağ” çox güclüdü?
- “Qarabağ” artıq bir sistem oturdub. Klubun büdcəsi də yaxşıdı. Demək olar ki, istədiyi oyunçunu alır. Bazası çox yaxşıdı, fərq yaradır.

- “Qarabağ” Pedro Enrike və Əfran İsmayılovla yollarını ayırdı. Səncə, hər iki oyunçunun gedişi “Qarabağ”ın oyununa təsir göstərəcək?
- Məncə, çox bir şey dəyişməz. Onların yerinə yeni oyunçular gələr. Əsas olan komandanın sistemi davam etdirməsidi. 

- Riçard Almeydanın Türkiyə Super Liqasında oynayacağı gözlənilir. “Qarabağ” Almeydasız çox çətinlik çəkəcək?
- Mənim imkanım olsa, Riçard Almeydanı Super Liqaya gətirərəm. Çünki Almeyda izlənilir. Almeyda çox yaxşı futbolçudu, komandasına əsl mənada xeyir verir. 

- Səncə, “Qarabağ”ın heyəti dəyişməyinin vaxtıdı?
- Hər şeyin yenilənməsi lazımdı. Dəyişmək deyəndə ki, əskik yerlərə əlavələr olmalıdı. 

- “Qarabağ”ın qarşıdakı mövsüm üçün də Çempionlar Liqasının qrup mərhələsinə düşməsi inandırıcıdı?
- Məncə, rəqiblərdən asılı olan durumdu. “Qarabağ” artıq təcrübəyə malik komandadı. Onlara qarşıdakı mövsümdə də uğurlar arzu edirəm.

- “Neftçi” mövsümü bürünc medalla başa vurdu. Bunu uğur hesab etmək olar onlar üçün?
- “Neftçi” hər mövsüm çempion olmalıdı. Artıq “Neftçi”nin də çempion olması lazımdı. 

- Qurban Qurbanov tez-tez açıqlamasında bildirir ki, Azərbaycana futbolçu gətirmək çox çətindi. Məsələn, “Göztəpə”dən heç Azərbaycana oyunçu gələr? Demba Banı Azərbaycana necə gətirmək olar?
- Türkiyədəki şərtlərlə Azərbaycandakı şərtlər tamam fərqlidi. Burada oyunçular bir milyon avro qazanır. Bundan da çox alırlar. Azərbaycanda isə bu rəqəmlər yoxdu. Demba Banı necə gətirmək olar? Beş milyon avro ilə razı salmaq olar (gülür).