Bizim futbol

Tərlan Əhmədov: “Mənə heç bir təklif olmayıb”

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının son turunda “Kəpəz”ə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Dsport.az xəbər verir ki, 47 yaşlı mütəxəssis öncə matçı dəyərləndirib.

- Bu oyuna, 3-cü yeri tutaraq bürünc medalçı olmağımıza görə komandamı təbrik edirəm. Mən "Neftçi"yə baş məşqçi gələndə 1 xalı vardı. Çempionatı 46 xalla bitirdik. Mehriban ailə yaratdıq və bunun bəhrəsini gördük. Bu işdə bizə dəstək olan “Neftçi” ailəsini, fanatları, klubun əvvəlki rəhbərliyini, keçmiş prezidenti Orxan Hüseynzadəni, sabiq baş məşqçi Elxan Abdullayevi, bütün texniki heyəti, xadimədən tutmuş hamını təbrik edirəm. Bu işdə hamının əməyi vardı. Yaratdığımız mehriban ailənin sayəsində bürünc medal qzanadıq. Başda fanatlar olmaqla hamıya təşəkkür edirəm ki, ilboyu çətin günlərdə də bizə dəstək oldular. Qarşımıza məqsəd qoyulmasa da, avrokuboklara çıxdıq.

- İkinci hissədə meydana çıxan Qatonu əvəzləməyiniz nəylə bağlı idi?
- Məcburi əvəzləmə oldu. Çünki müdafiəçimiz Kiril Petrov qırmızı vərəqə aldı. Qatonu çağıraraq bir neçə üzrxahlıq etdim ki, onu əvəzləməli oldum.

- “Neftçi”dəki gələcək taleyini necə görürsünüz? Yeni müqavilə təklifi olub?
- Mənə heç bir təklif yoxdu. Mayın 31-də müqaviləm bitir, görək nə olacaq. 

- Ramazan ayında futbolçulara oruc tutmağa icazə vermişdiniz?
- Hər kəs seçimində azaddı. Heç kimə qarşı çıxa, nəyisə məcbur edə bilmərəm.

- Araz Abdullayevin adı “Neftçi” ətrafında hallanır. Siz də klubun yetirmələrini geri qaytarmaqda maraqlısınız...
- Nəinki Araz, heç bir transferdən xəbərim yoxdu. (Sport24)