Bizim futbol

Adrian Pit: “İstərdim ki, karyeramı “Xəzər Lənkəran”da başa vurum”

“Xəzər Lənkəran”ın keçmiş oyunçusu, “Roma” forması da geyinmiş Adrian Pit Dsport.az saytına müsahibə verib:

- “Xəzər Lənkəran”dakı karyeranı xatırlayırsanmı?
- “Xəzər Lənkəran”dakı karyeramla bağlı yalnız xoş xatirələrim var. Orada hər şey yaxşı idi. “Xəzər Lənkəran”da oynadığıma görə çox xoşbəxtəm. Bu klubun bir parçası olduğuma görə şadam.

- Lənkəranı və azarkeşləri necə xatırlayırsan?
- Oradakı bütün insanlara, fanatlara təşəkkürümü bildirirəm. “Xəzər Lənkəran” kimi komandanın üzvü olduğuma görə çox şadam. Lənkəranda insanlar bizə qarşı çox yaxşı münasibətdə olub hər zaman.

- Maraqlıdı, sənin üçün doğma sayılan klubda ən yaddaqalan oyunun hansı olub bəs?
- Bu komandanın heyətindəki bütün oyunlar yadımdadı. Yəni sadəcə bir oyun yox, çox oyun yaddaşımdadı. “Xəzər Lənkəran” formasında bütün oyunlara çox böyük həvəslə çıxırdım. Əsasən də Lənkərandakı oyunların heç birini unutmaq olmaz. 

- Hazırda “Xəzər Lənkəran”ın Premyer Liqada olmaması Azərbaycan futbolu üçün mənfi hal sayılır. Sən nə demək istəyərdin bu haqda?
- “Xəzər Lənkəran” Azərbaycan futbolu üçün üstünlük idi. Məncə, bu komanda Premyer Liqaya tamamilə fərqli rəng qatırdı.

- “Xəzər Lənkəran”ın fəaliyyətini yenidən bərpa etməsini istəyərdin yəqin?
- Əlbəttə ki, çox istəyərdim. Karyeramı da elə bu komandada başa vurmaq çox yaxşı olardı. Əlbəttə onlar da məni komandada görmək istəsələr, gələrdim. “Xəzər Lənkəran”ın Premyer Liqaya qayıdacağı günü gözləyirəm. Lənkəran camaatı da futbolu çox sevir. 

- Səncə, Azərbaycanda illərdi ki, “Qarabağ”ın ardıcıl çempionluq yaşaması nə ilə əlaqədardı?
- “Qarabağ”da stabillik var. Onların baş məşqçisi illərdi ki, eyni adamdı. Üstəlik, futbolçularını da az-az dəyişirlər. Elə buna görə də həm ölkədaxili, həm də avrokuboklarda uğurlar qazanırlar.