Bizim futbol

“Azərbaycan çempionatına qayıtmaq fikrim yoxdu”

Avstriyanın “Karabakh” (Vyana) klubunun azərbaycanlı müdafiəçisi Elvin Bədəlov dsport.az saytına müsahibə verib:

- Komandanız hazırda beşinci pillədə qərarlaşıb. Yəqin ki, hazırkı durum sizi də razı salmır?
- Hər şey özümüzdən asılı idi. Amma təbii ki, beşinci pillədə olmağımız bizi razı salmır. Daha yuxarı pillələrdə olmağı istəyərdik. 

- Birinci liqaya yüksəlməyiniz çətinləşib...
- Biz buna layiq idik. Ümid edirəm ki, qarşıdakı oyunları da qalib gələrik. Pley-off mərhələsinə qatılaraq oradan istəyimizi gerçəkləşdirə bilərik. Görək də necə alınır.

- Avstriyaya yollandığına görə peşman deyilsən ki?
- Xeyr, heç bir peşmanlıq yoxdu. Burada oynamağı xoşlayıram. Çempionat maraqlıdı, komanda sayı çoxdu. Məqsədimiz də Bundesliqaya yüksəlməkdi. Ümid edirəm ki, bu istəyimizi həyata keçirə biləcəyik.

- "Karabakh"da qalmaq barədə düşünürsən?
- Qarşıdakı həftədə rəhbərliklə danışacam. Gələcəkdə hansı klubda olacağıma gələn həftədəki danışıqlardan sonra qərar verəcəyik.

- Azərbaycan və Avstriya çempionatları arasında hansı fərq var?
- Burada iki dəfə çox komanda var. Daha çox gücə və taktikaya üstünlük verilir. İstənilən komanda digərindən xal ala bilər. 

- Azərbaycana qayıtmaq haqda heç düşünürsən?
- Azərbaycana qayıtmaq hələ ki, məqsədərim arasında yoxdu. Qarşıdakı ildə də Avropada qalmaq istəyirəm. Birinci liqada oynamaq istəyirəm. 

- Avstriya və Azərbaycandan dəvət almısan?
- Həm Avstriya, həm də Azərbaycandan maraqlanan klublar oldu. Sadəcə, konkret bir şey yoxdu. Mövsümün başa çatmasını gözləyirəm.

- "Neftçi" ölkə kubokunda finala çıxa bilməsə də, avrokuboklara yollanmağa yaxındı. Səncə, sabiq komandan son turda bunu rəsmiləşdirə biləcək?
- "Sumqayıt" bu mövsüm çox yaxşı çıxış edir. Amma fikrimcə, "Neftçi" son turdakı oyunda qalib gələrək bunu gerçəkləşdirəcək.