Bizim futbol

İbrahim Şehiç: “Bilirəm ki, Azərbaycan da eyni problemlə üzləşib”

“Dağlıq Qarabağ hadisələri Bosniya və Hersoqovinada baş verənlər hadisələrlə eyni vaxtda başlayıb. Bu, bizim ölkənin taleyi ilə oxşardır. Demək olar ki, məqsəd və məram da eynidir. Ona görə cəbhə bölgəsinə səfər mənə maraqlı gəldi”. 

Dsport.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Qarabağ bölgəsinə səfərdə olan "Qarabağ" klubunun və Bosniya və Herseqovina milli komandasının qapıçısı İbrahim Şehiç deyib. 30 yaşlı qolkiper Qarabağ haqda çoxlu məlumat oxuduğunu və baş verənlərdən yetərincə məlumatlı olduğunu bildirib: 

"Bosniya və Herseqovina ilə Serbiyada insanlar normal sülh şəraitində yaşayırdılar. Sonradan baş verən konflikt nəticəsində döyüşməyə məcbur oldular. Bosniyada 500 mindən çox insan köçkün həyatı yaşamağa məcbur oldu. Bilirəm ki, Azərbaycan da eyni problemlə üzləşib. Dağlıq Qarabağda yaşayan insanlar öz torpaqlarından didərgin olmağa məcbur olublar. 1 milyona yaxın qarabağlı öz torpaqlarını tərk etmək məcburiyyətində qalıb. Hər zaman mənim ürəyimdə arzu olub ki, cəbhə bölgəsinə gedim. Qarabağ vətəndaşlarının öz torpaqlarını müdafiə etməsi, hər zaman ümid içində yaşamaları, öz torpaqları üçün mübarizə aparmaları və insanlardakı bu ümidi yüksək dəyərləndirmişəm. Bu mənim üçün olduqca maraqlı idi".