Bizim futbol

Elşad Əhmədov: “Sabah”ın bölgəni təmsil etməsi mənim üçün heç bir problem yaratmaz”

Son mövsümü Birinci Divizionda keçirən və 5-ci yeri tutan, lakin növbəti mövsümdən Topaz Premyer Liqasında iştirak edəcək “Sabah”ın yeni baş məşqçisi Elşad Əhmədov Dsport.az saytına müsahibə verib:

- “Sabah” klubundan təklif necə gəldi? Çox götür-qoy etdiniz təklifə cavab verəndə?
- Mən "Xəzər"də işləyəndə də Premyer Liqa həvəsindəydim. Sadəcə, orada məlum məsələlərə görə alınmadı. "Sabah"dan mən zəng gəldi, onlardan vaxt istədim. Çünki bilmirdim necə olacaq "Xəzər"in məsələsi. Sonra bildik ki, alınmadı. Mən "Sabah"la razılaşdım. 

- Müqavilə neçə illikdi?
- Hələ müqavilə imzalamamışıq. Sadəcə olaraq, anlaşmışıq. 

- Rəhbərliklə söhbətdə nələri danışdınız?
- Elə dolğun söhbətimiz olmadı. Sadəcə, futbolçular haqda danışdıq ki, kim necə olacaq, filan. Elə çox vaxtımız da yoxdu. Sadəcə, onların mənə sözü o oldu ki, siz razılıq verin, biz işimizi görək. Mənim də öz fikirlərimi bildirdim.

- "Xəzər"lə istəyinizə çata bilməsəz də, əziyyətiniz sanki yerdə qalmadı və "Sabah"la Premyer Liqada olacaqsınız...
- "Xəzər"də tək mənim əziyyətim yox idi. Rəhbərlik, futbolçular, əsasən də Emin Abasovun əziyyəti var. Mənim istəyim "Xəzər"lə Premyer Liqaya çıxmaq idi. Çünki əlimizdə olan materialla liqaya çıxmaq istəyərdik. Haqqımız yeyildi, yeyilmədi, bu barədə bir söz deyə bilmərəm. Çünki bizim də səhvlərimiz oldu. Sənədlərdə nəsə çatışmazlıq varsa, demək nəyisə düz etməmişik.

- "Xəzər"dəki kollektivi "Sabah"a gətirmək fikriniz var?
- Mən əvvəllər "İnter"də çalışmışam, daha sonra "Neftçi"də çalışmışam. Onda belə çıxır ki, elə "Neftçi"də çalışdıqlarımı da aparmalıyam o biri komandaya? Dostlarım var futbolda, amma dostluq başqa, futbol başqadı. Mənə uyğun adamlarla işləyəcəm. Əlimdən gələni edəcəm "Sabah"da. Necə olacaq, onu zaman göstərəcək.

- "Sabah"ın bölgəni təmsil edəcəyi barədə söhbətlər dolaşır. Bu, sizin işinizə problem olacaq, yoxsa fərqi yoxdu?
- Mən özüm də rayon uşağıyam (gülür). Mənim üçün heç bir problem olmaz. Rəhbərlik hansı qərarı verəcək, elə də olacaq.