Bizim futbol

Təmkin Xəlilzadə: “Qəbələ”nin bəxti gətirmədi”

“Qəbələ”nin müdafiəçisi Təmkin Xəlilzadə Dsport.az saytına müsahibə verib:

- “Sumqayıt”la görüşdə qalib gəldiniz. Həmin matçı necə dəyərləndirəcəksən?
- Qalib gəldiyimizə görə şadam. Komandamız sona qədər inamla mübarizə apardı. Nəticədə də layiq olduğumuz qələbəni qazandıq.

- Maraqlıdı, “Qəbələ” necə oldu ki, sonlara yaxın bu cür uğurlu seriya yığa bildi?
- Hər zaman dediyim kimi, bir müddət komandanın üstünü “qara bulud” almışdı. Şükür Allaha, həmin günləri geridə qoyduq. İndi isə motivasiyamız yüksəkdi. Komandada əla əhval-ruhiyyə hökm sürür.

- “Sumqayıt” üzərindəki qələbə ilə gümüş medalları rəsmiləşdirdiniz...
- Əlbəttə, gümüş medala sevinirik. İkinci yeri tutmuşuq hər halda. Bunun özü də uğurdu. Təbii ki, gələn il üçün hədəfimiz qızıl medaldı. 

- Son turda komandanız “Qarabağ”la oynayacaq. Bu görüş sizin üçün nə dərəcədə önəm kəsb edir?
- Baxmayaraq ki, gümüş medala sahib çıxmışıq, hər oyun kimi, bu matç da bizim üçün əhəmiyyətlidi. Qələbə üçün meydana çıxacağıq

- “Qarabağ”la görüşdə onlara çempionluq dəhlizi açacaqsınız?
- Bu suala mənim cavab verməyim düzgün çıxmaz. Klubumuzun böyükləri var, onlar nə qərar versə, onu edəcəyik.

- Artıq mövsüm başa çatmaq üzrədi. Səncə, “Qəbələ” niyə çempionluğu qazana bilmədi?
- Çempionluğa çox həvəsli idik. Sadəcə, bu dəfə bəxtimiz gətirmədi. Gələn mövsüm də qızıl üçün oynayacağıq.

- “Qəbələ” kubokun finalında “Keşlə” ilə qarşılaşacaq. Rəqibiniz son vaxtlar yaxşı durumdadı. Hətta son turda “Qarabağ”a da qalib gəldilər. “Keşlə”nin bu cür nəticələri sizi həyəcanlandırır?
- Xeyr, həyəcanlandırmır. Kubok oyununa maksimum dərəcədə köklənmişik. Qələbə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Finaldı, yalnız qələbə üçün oynayacağıq.

- Sabiq komandan “Zirə” isə avrokuboklar şansını davam etdirir. “Sumqayıt”la son görüşdə “Zirə”yə qələbə lazımdı...
- Hər iki komandaya uğurlar arzu edirəm. Kim güclüdürsə, həmin komanda da qalib gəlsin.