Bizim futbol

Kamal Quliyev: “Neftçi”də işləmək çox çətindi”

“Neftçi”nin sabiq futbolçusu, hazırda bu klubun futbol akademiyasında çalışan Kamal Quliyev Dsport.az saytına müsahibə verib:

- “Neftçi”nin avrokuboklara yollanması öz əlindədi. Necə düşünürsən, son turda “Kəpəz”ə qalib gələ biləcəklər?
- İnşallah, bu vəsiqəni əldə edəcəyik. Ancaq “Kəpəz”ə qarşı oynamaq çətin və ağır olacaq. Son oyundu, bunun öhdəsindən gəlib sevinərik.

- Rəqib artıq birinci diviziona yollanıb. Onlara qalib gəlməmək günah olardı…
- Xeyr, mən belə deməzdim. “Kəpəz” həmişə güclü rəqib olub. Deməzdim ki, “Kəpəz” birinci divizion səviyyəsindədi. Yaxşı komandadı. Həmişə “Neftçi” ilə gərgin mübarizəli oyun keçib. 

- Mövsümün sona yaxınlaşır və “Neftçi” bürüncü qazanmağa çox yaxındı. Cari mövsümü “Neftçi” üçün necə dəyərləndirərdin? Bürünc medal “Neftçi” üçün uğurdu?
- Qazanılan hər bir medal uğur sayılır. Buna da şükür deyək. Bu olmaya da bilərdi. Bəs onda necə olacaqdı? Tərlan Əhmədov bu komandanı götürəndə bir xal var idi. 

- “Neftçi”də Tərlan Əhmədovun əvəzinə Samir Abasovun gətiriləcəyi deyilir. Bu baş məşqçi dəyişikliyi “Neftçi” üçün xeyir verə bilər?
- Bu məsələnin nə qədər dəqiq olduğunu bilmirəm. Bu rəhbərliyin qərarıdısa, hər bir qərara hörmətlə yanaşmaq lazımdı. Samir Abasov gənc və istəkli, həvəsli biridi. “Neftçi”də işləmək çox çətindi. Hər gün təzyiq altında olursan. Digər tərəfdə də Tərlan artıq bundan əvvəl də bu təzyiqlərin içində olmuş, daha sonra isə baş məşqçi kimi də verdiyi sözü tutan biridi. Komandanı Avropa Liqasına çıxarar.

- Ümumiyyətlə, necə düşünürsən Samir Abasov “Neftçi”ni çalışdırmağa hazırdı?
- Bunu yalnız zaman göstərər. Bayaq dediyim kimi “Neftçi”də işləmək çox çətindi. Daim təzyiq altında, göz önündə olan klubdu. Özü də bu klub daima çempionluğa oynayır. Samir də gəncdi, həvəslidi. Bu sualın cavabını vermək üçün, zaman lazımdı.

- “Sumqayıt”dan da bir neçə oyunçunun adı “Neftçi” ilə hallanır. Orada elə bir futbolçu var ki, gəlib “Neftçi”yə xeyir verə bilsin?
- Bəli, “Sumqayıt”ın yaxşı futbolçuları var. Elə biri “Neftçi”nin yetirməsi olan Cavid İmamverdiyev. 

- Səncə, yayda “Neftçi” çox oyunçu dəyişikliyi etməlidi?
- Vallah bunu mənim deməyim düz olmaz. Baş məşqçi hər şeyi daha yaxşı bilir.

- Bir ara xəbər yayılmışdı ki, “Neftçi” rəhbərliyi Tərlan Əhmədovdan xəbərsiz iclas keçirib. Bu onu göstərir ki, rəhbərlik Tərlan Əhmədovun qalmasını istəmir. Buna necə şərh verəcəksən?
- Yox, bunlar cəfəngiyyatdı. Elə şey yoxdu, olmayıb da.

- “Neftçi” avrokuboklara yollanası olsa, orada nəticə qazana bilər?
- Əlavə futbolçulara ehtiyac var. Onlar da olarsa, nəsə əldə edə bilərik.