Bizim futbol

Vurğun Hüseynov: “Bu durumdan çıxa bilərik”

“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov Dsport.az saytına müsahibə verib:

- “Qəbələ” ilə görüşdə komandanız meydanı məğlub tərk etdi. Bu məğlubiyyətin səbəbini nədə görürsən?
- “Qəbələ” ilə görüşdə əlimizdən gələni etdik. Qələbə qazanmaq istəyirdik. Qol fürsətlərini boşa verməyimiz məğlubiyyətə gətirib çıxardı.

- Son oyunlarda “Sumqayıt”ın uğursuz çıxışlarını nə ilə əlaqələndirirsən? Rəhbərliyin “Neftçi”yə gedişi ilə əlaqədar ola bilər, yoxsa kubokda “Keşlə”yə uduzmağınız sizə təsir etdi?
- Rəhbərliyin gedişinin heç bir təsiri yoxdu. Nə də ki, “Keşlə” məğlubiyyətinin komandamıza təsiri var. Sadəcə olaraq, son oyunlarda bəxtimiz gətirmir. Halbuki rəqiblərimizdən üstün oynayırıq.

- Samir Abasov oyundan sonra futbolçulardan narazılıq bildirib. Hətta deyib ki, 32-33 yaşlı futbolçuya ötürmə verməyi öyrədəsi deyiləm ki...
- Baş məşqçimiz haqlı narazılıq bildirib. Məğlub olmuşuqsa, bizdən razı olmalı deyil ki.

- Qarşıdakı turda “Sumqayıt”ın rəqibi “Zirə”di. Bu görüşdə komandanız qalib gələ bilər?
- İnam hər zaman var. Özü də evdə oynayacağıq. Qol fürsətlərindən lazımınca istifadə edib, qalib gələcəyik.

- “Zirə”yə qalib gəlmək üçün nə etmək lazımdı? Düşünmürsən ki, lazımından da çox həyəcanlı olacaqsınız?
- Onsuz da hər oyun stresli olur. Son oyun, final matçı kimi çıxıb oynayacağıq.

- Bir neçə tur öncə hətta ikinci pillə üçün oynayırdınız, indi isə dördüncü pilləni də əldən vermək təhlükəsi var. Belə olacağı ağlına gələrdi?
- Açığı ağlıma gəlməzdi belə olacağı. Təəssüf ki, gəlib bu vəziyyətə düşdük. Yenə də hər şey öz əlimizdədi. Bu durumdan çıxa bilərik.

- Avrokuboklara vəsiqə qazanmasanız, çox şey itirmiş olacaqsız?
- Təbii ki, çox şey itirmiş olacağıq. Mövsümboyu bunun üçün mübarizə aparıb, son oyunda bunu əldən vermək yaxşı olmaz. Avrokuboklara yollanmaq haqqımızdı. Əziyyətimizin bəhrəsini görmək istəyirik. Çempionatda 2-3 yaxşı oynayan komanda varsa, biri də bizik.

- Samir Abasovun və bir neçə oyunçunun adının “Neftçi” ilə hallanması, komandaya pis təsir etdi bəlkə?
- Yaxşı məşqçinin, yaxşı oynayan futbolçunun adının başqa klublarla hallanmağı normaldı. Ancaq baş məşqçimiz söz-söhbətlər çıxanda bizə demişdi ki, mən sizinləyəm. Söhbət də orada bağlanmışdı. Nəticələrin ona heç bir aidiyyatı yoxdu.