Bizim futbol

“Neftçi”də qeyri-peşəkarlıq: Klub rəsmisi jurnalistlərin turnirində

Sabah futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçiriləcək. Dsport.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutacaq.

Hesabat turunda “Neftçi” səfərdə “Səbail”lə qarşılaşacaq. Bu oyun həm “ağ-qaralar” üçün, həm də çempionatın gümüş və bürünc medal sahiblərinin müəyyənləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Məsələ burasındadı ki, “Qəbələ”nin 2-ci yeri tutmasını rəsmiləşdirməsi üçün 1 xal qazanması lazımdı. Amma Roman Qriqorçukun komandası "Sumqayıt"la səfər matçında məğlub olsa belə, ardıcıl 2-ci mövsüm gümüş medalçı ola bilər. Bunun üçün “Neftçi”nin xal itirməsi lazımdı. “Ağ-qaralar” “Səbail”ə yenilərsə, “Sumqayıt” isə “Qəbələ”yə qalib gələrsə, onda “gənclik şəhəri” təmsilçisi tarixində ilk dəfə çempionatımızın mükafatçısı ola, “bürünc” qazana bilər. Məsələ burasındadı ki, sumqayıtlılar şəxsi oyunlarda “Neftçi”dən üstündülər - 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət. Lakin Tərlan Əhmədovun çalışdırdığı komanda avrokuboklara vəsiqə qazanmaq üçün “Səbail”lə görüşdən mütləq qalib ayrılmalıdı. Əks halda paytaxt klubu bu mövsüm də qitə miyqaslı yarışları kənardan seyr etmək məcburiyyətində qalacaq.

İndi siz təsəvvür edin ki, qarşısına bu qədər yüksək hədəflər qoymuş bir klubun idman direktoru belə vacib bir matç öncəsi Rusiyadadı. Deyə bilərsiniz ki, əsas işi komandaya yeni futbolçular axtarmaqdan ibarət olan bir klub rəsmisinin xaricdə səfərdə olmasının nəyi pisdi ki? Əlbəttə, belə olsaydı, yəqin ki, biz də heç fərqli xəbər yazardıq. Amma təəssüf ki, Sultanov idman direktoruna yaraşmayan bir işlə bağlı Moskvaya gedib. 

Müxtəlif narazılıqların qeydə alındığı, Bakı Futbol Liqasının (BFL) təşkilatçılığı ilə keçirilən futbol turnirində 2017/18 mövsümünü çempion olaraq başa vuran “İdman Azərbaycan” komandası Rusiyada turnirə qatılıb. Həvəskarlar arasında dünya çempionatında iştirak etmək üçün BFL tərəfindən Moskva şəhərinə göndərilən bu komandanın heyətində məhz Ceyhun Sultanov da olub. “Televiziyaçılar” bu turnirdəki ilk oyunda Mahaçqalanı təmsil edən “Napoli"ylə qarşılaşıblar və 0:3 hesabıyla uduzublar. “Neftçi” rəsmisi də bu oyunun iştirakçıları arasında olub. Düzdü, komandanın heyətində başqa sabiq futbolçulara – Xaqani və Füzuli Məmmədov qardaşlarına, İlham Yadullayevə, Hüseyn Məhəmmədova da rast gəlmək olur. Həvəskarlardan ibarət komanda sayılan, “İdman Azərbaycan” telekanalının əməkdaşlarından qurulmalı olan bir kollektivdə keçmiş futbolçularımızın yer almasının özü də bir anormallıqdı. Amma bu, başqa söhbətin mövzusudu. Bəs “Neftçi” kimi ölkənin ən böyük tarixə malik klublarından birinin rəsmisinin belə bir yarışda nə işi var? Görəsən Sultanov bu dərəcədə qeyri-peşəkar addım atmaqla “Neftçi”dəki işinə nə qədər qeyri-ciddi yanaşdığının fərqindədimi? Bəs “Neftçi” rəhbərliyi aparıcı postlardan birini tutan əməkdaşının kluba, işinə qarşı bu cür hörmətsizliyinə niyə göz yumur? Bəlkə “xalqın komandası” hesab olunan paytaxt təmsilçisinin son illərdəki uğursuzluqlarının başlıca səbəbi məhz əməkdaşlarının işə bu cür başdansovdu yanaşmasının nəticəsidi?! Elə bu mövsüm də komanda avrokuboklara vəsiqə qazanmasa, bunu normal qəbul etmək lazımdı. İşə bu cür yanaşma, qeyri-peşəkarlıqla uğur qazanmaqmı olar?