Bizim futbol

Milan Duriç: “Zirə”dəki vəziyyəti Joze Mourinyo da düzəldə bilməz”

Topaz Premyer Liqasının 24-cü turunun açılış matçında "Keşlə”yə səfərdə 1:2 hesabı ilə uduzan "Zirə"nin futbolçusu Milan Düriç brifinq keçirib. 

Dsport.az xəbər verir ki, o, öncə oyunla bağlı fikirlərini bölüşüb:

- Yenidən məğlub olduq. Bir söz tapıb deyə bilmirəm.

- Nə baş verir?
- Artıq neçənci dəfədi ki, eyni ssenari təkrarlanır. İlk yarıda hesabda önə çıxırıq, ikinci hissədə isə həftəboyu məşqçimizin əsas diqqət yetirməli olduğumuz məqam, fasilə zamanı da xatırlatdığı standart vəziyyətlərdən 2 qol buraxdıq.

- Qış fasiləsindən sonra qələbə qazanmasanız da, hansısa dəst-xətti görürdük. Bu görüşdə isə komandanızın ifasında heç oyun da görmədik...
- 10-a yaxın futbolçumuz zədəlidir. Baş məşqçimiz də hər dəfə bu problemlərlə üzləşir. Hər oyuna fərqli heyətlərlə çıxmalı oluruq. Bu gün də eyni problemi yaşadıq.

- Azərbaycan Kubokundan əliniz üzülüb. Çempionatda isə "Neftçi”nin nəfəsi hiss olunmaqdadı. Artıq avrokuboklara düşməmək təhlükəsi yaranıb. Bunu hiss edirsiz?
- Aramızda minimal xal fərqi qalırdı. Sabah "Neftçi” "Qəbələ” ilə matçda uğurlu nəticəyə imza atsa, artıq bizi arxada qoyacaq. Həqiqətən ağır vəziyyətdəyik. Vüsal İsgəndərliyə iki ağrıkəsici iynə vuruldu ki, oyuna çıxa bilsin. Ehtiyat oyunçular skamyamızda əvəzedici heyətin futbolçuları qərarlaşmışdı. Məşqçi çox çətin vəziyyətdə idi.

- Uğursuzluq yaşayan komandalar baş məşqçi dəyişikliyinə əl atır. Belə bir zərurət duyulurmu "Zirə”də?
- Ayxan Abbasovdan çox məmnunuq. Bəlkə də komanda başqa mütəxəssisə həvalə olunsa və 1-2 oyunda uğur qazanmasaq, futbolçuları cəzalandıracaq. Ancaq sizi əmin edirəm ki, indiki durumda komanda Joze Mourinyoya da həvalə olunsa, vəziyyəti düzəldə bilməyəcək.

- Qışda komandadan gedən futbolçuların yerinə gələnlərin bu uğursuzluqda rolu nə dərəcədədi?
- Xeyr, heç bir əlaqəsi yoxdu. "Neftçi” və "Sumqayıt” kimi rəqiblərlə heç-heçə oynamışıq. Təəssüf ki, fasilədən sonra qələbə üzünə həsrətik. Bəlkə də bir qələbə qazansaq, özümüzə gələrik. Ancaq hələ də bunu bacara bilməmişik.

- İstənilən halda nəticəyə görə məsuliyyət baş məşqçidədi. Bəs, futbolçular necə, özlərində günah görürlərmi?
- Təbii ki, mən də, hər bir komanda yoldaşım da bunda günahkarıq.