Bizim futbol

Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi: Belə şey ola bilməz

“Keşlə”nin qapıçısı Kamran Ağayev evdə “Zirə”ni 2:1 hesabı ilə məğlub etdikləri Topaz Premyer Liqasının 24-cü tur matçından sonra brifinq keçirib. 

Dsport.az xəbər verir ki, təcrübəli qolkiper jurnalistlərin bir sıra suallarını cavablayıb:

- "Keşlə" "Sumqayıt"ı nəyin sayəsində üstələməyi bacardı?
- Hər şey insanın öz əlindədi. Sizin düşüncənizlə bizimki eyni ola bilməz. Çox söz demək olar. Amma gərək mübarizə aparasan, əziyyət çəkəsən. Əks halda, nəticə əldə etmək çox çətin olar. Bu oyun da çox ağır keçdi. Futbolçuların bəzilərində yorğunluq var idi, bəzilərinə istirahət verilmişdi. Amma əvəzolunmaz futbolçu yoxdu. Meydana çıxan hər kəs sözünü deməlidi. Normal hazırlaşdıq və qələbəyə nail olduq. Finalda da qalib gəlmək istəyirik. 

- Çoxları deyir ki, final matçının Qəbələdə keçirilməsi "Keşlə" üçün mənfi məqamdı...
- Necə ola bilər ki, final Qəbələdə keçirilsin? Mən bunu bilmirdim. Belə şey ola bilməz. 

- Səncə, final matçının yeri dəyişdirilməlidi?
- Hər şey reqlamentə uyğun olmalıdı. Mən birinci dəfədi eşidirəm. Bu, normal deyil. Amma belə məsləhət görürlərsə, yəni belə də olar. Mənim fikrimcə, final matçı ya Naxçıvanda, ya da Lənkəranda keçirilməlidi. Gəncədə də oynamaq olar. 

- Gəncə şəhər stadionunda işıqlandırma ilə bağlı problem olduğu üçün oyun Qəbələ şəhər stadionuna təyin olunub...
- "Qəbələ" finalda ev sahibi kimi çıxış edəcək? Vallah, indi siz deyirsiz, sizdən eşidirəm. Dünya futbolunda varmı belə hal? Elə isə Superkubok uğrunda "Neftçi" - "Xəzər Lənkəran" oyununu niyə Naxçıvana salmışdılar? 

- Qəbələdə təhlükəsizlik sarıdan problem ola bilər?
- Yəqin ki, azarkeşlərimizin də təhlükəzisliyini qoruyacaqlar. Azarkeş amili vacibdi. Əsas odu ki, Azərbaycan torpağında oynayacağıq. Mübarizə aparacaq, vuruşacağıq. Sabah nə olacağını bilmirik. Bu gün üçün yaşayırıq. 

- Bu oyunda epizodların birində Yuri Maksimovla nəyisə müzakirə edirdiz...
- Zarafatla desək olar? Mən sizdən şəxsi həyatınızı soruşuram? Şəxsi söhbətimizi niyə soruşursuz? Oyunla bağlı komanda yoldaşlarımla, baş məşqçimizlə danışıram. Siz gördüyünüzü soruşa bilərsiz. Bir-birimizə nə dediyimizi eşitməmisiz ki... Ona görə də nə danışdığımızı soruşmayın. Bunu aqressiv formada demirəm. Sadəcə, komandadaxili söhbətlər, analizləri ictimaiyyətə çatdırmaq olmaz. Biz nə danışdığımızı və nə etdiyimizi özümüz bilirik. 

- Son olaraq, milli komanda ilə bağlı sual vermək istərdik...
- Milli ilə bağlı sualı millinin düşərgəsində olduğumuz vaxt verərsiz. "Keşlə"yə dair sualınız varsa, buyurun.