Bizim futbol

Orxan Sadıqlı: “O epizodda rəqibə toxunmamışdım”

“Keşlə”nin qapıçısı Orxan Sadıqlı evdə "Zirə"ni 2:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının 24-cü tur matçından sonra brifinq keçirib. Dsport.az xəbər verir ki, o, öncə oyunla bağlı fikirlərini bölüşüb:

- Son 6 gündə 3 oyun keçirmişik. Ancaq hesab edirəm ki, məşqdənsə, oynamaq yaxşıdı. İlk yarıda bir qədər oyunumuz alınmadı. Bəlkə də bu, yorğunluqdan irəli gəlirdi. Sevinirik ki, 2-ci hissədə toparlanmağı bacardıq və 2 dəfə fərqlənərək, qələbəni əldə etdik.

- Sarı vərəqə aldığın epizodun təkrarına baxdıq və rəqibə toxunmadığının şahidi olduq...
- Elədi ki, var. Gördüm ki, rəqib topa məndən tez çatır və özümü kənara çəkdim ki, topu atıb getsin. Sadəcə, qərar belə oldu. 

- Fit çalınarkən, qorxmadın ki, referi sənə birbaşa qırmızı vərəqə göstərər?
- FİFA-dakı qayda dəyişikliklərini özüm də oxuyuram. Bir tərəfdən yanımda Slavik Alxasov var idi, digər yandan isə rəqib üzü qapıya getmirdi. Üzü qapıya getsəydi, bəli, verilə bilərdi.

- "Zirə”nin "uğursuzluq zolağı”nda olmasının komandanızın qalib gəlməsində rolu oldumu?
- Doğrudu, "Zirə” neçə oyundu qələbə qazana bilmirdi. Lakin bizim üçün rəqibin kimliyinin fərqi yoxdu. Əsas öz oyunumuzu sərgiləməkdi. İlk yarıda bunu bacarmadıq. Fasilədən sonra baş məşqçi dəyişikliklər etdi və komandamız toparlanmağı bacardı. Bu qələbə bizə çox vacib idi. Çünki növbəti oyunlara da, ölkə kubokunun finalı üçün də motivasiya baxımından faydalıdı.

- Kubokun finalına yüksəldiyinizə görə, rəhbərlik mükafatı çatdırıb?
- Danışılıb. Ancaq görüşümüz sabaha nəzərdə tutulub. 

- Final matçı Qəbələdə baş tutacaq. Şansları necə dəyərləndirirsən?
- "İnter Arena”da oynadıqda biz meydan sahibi sayılırıq. Deməli, finalda "Qəbələ” ev sahibi olacaq. Ancaq bu, finaldı, bir oyundan ibarətdi. Çıx vuruş, savaş, ancaq qalib gəl. Hər halda, həmin oyuna çatanda, bu barədə fikirləşəcəyik. Hələliksə növbəti turdakı "Neftçi” matçını düşünməliyik.