Bizim futbol

Yuri Maksimov: “Bu, taktika ilə bağlı olan məsələ idi”

Azərbaycan Premyer Liqasının 24-cü turunda evdə “Zirə”yə qalib gələn (2:1) “Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Dsport.az xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Kubok oyunundan sonra komandada bir qədər yorğunluq, boşalma var idi. Buna görə, bəzi futbolçulara istirahət verdim. Meydana çıxan futbolçular özlərini yaxşı tərəfdən göstərdilər. Buna görə onlara təşəkkür edirəm.

- Bu oyunda əvəzetmələriniz həlledici rol oynadı... 
- Son 10 gündə 4 oyun keçirmişik. Çalışırıq, gənc futbolçulara da təcrübəli oyunçularla yanaşı şans verək.

- Vaqif Cavadovun qolundan sonra üzünüzü Cəmaləddin Əliyevə tutaraq, “gördün?” dediniz...
- Bu, taktika ilə bağlı olan məsələ idi. Vaqifin qol duyumu ona fərqlənmək üçün imkan verdi.

- Komanda avrokuboklara qatılsa, komandada qalacaqsız?
- Müqavilənin sonuna kimi burdayam. Bundan sonra rəhbərliklə müzakirəmiz olacaq.

- Demək olar ki, komanda çempionatda öz vəzifəsini yerinə yetirib?
- Çempionat oyunlarına da qalib gəlmək üçün çıxırıq. Futbolçuların çoxunun komanda ilə müqaviləsi bitir. Lakin mən onlara deyirəm ki, çıxın özünüzü göstərin. Yaxşı oyun sərgiləmək yeni klubların diqqətini çəkmək üçün də əsasdı.  

- Komandaya “Sumqayıt”la oyuna görə vəd edilmiş mükafat verilib?
- Hələ verilməyib.