Bizim futbol

“Zirə”nin məşqçisi: “Heç nədən 2 qol buraxdıq”

Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə “Keşlə” ilə qarşılaşan “Zirə” matçdan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. “Qartallar”ın baş məşqçisi Ayxan Abbasov cəzalı olduğundan, oyunsonrası mətbuat konfransında onun köməkçisi Elnur Çodarov iştirak edib.

Dsport.az xəbər verir ki, Çodarov oyunla bağlı bunları deyib:

- İlk hissə uşaqlar tam da olmasa, onlara verilən tapşırıqları yerinə yetirdilər. İkinci hissədə isə heç nədən 2 qol buraxdıq. Çox çalışsaq da, hesabı xeyrimizə dəyişə bilmədik.

- Ayxan bəy həmişə deyirdi ki, qol fürsətləri olsa da, dəyərləndirə bilmirik. Bu oyunda isə qol fürsəti də görmədik...
- Elə deməzdim. İlk hissədə rəqib qapısı qarşısında iki yaxşı fürsətimiz oldu. İkinci hissədə də həmçinin.

- Komanda artıq 10 oyundu ki qələbəyə həsrətdi. Klub rəhbərliyinin buna münasibəti necədi?
- Rəhbərliklə görüşmüşük. Deyiblər ki, “arxayın olun, arxanızdayıq”. Rəhbərlik bizə inanır.

- Rəhbərliyin sizi arxayın etməsi, komandada arxayınlıq yaratmır ki? 
- Rəhbərliyin bizə inanması bizdə önünəinamə daha da artırır. Buna görə, onlara təşəkkür edirəm.

- Komandanın qalib gələ bilməməsində əsas səbəb nədi?
- Qışda komandada bir neçə dəyişiklik oldu. Gələnlər gedən futbolçuların yerini doldura bilmədi. Bunun da rolu az olmadı. 

- Elşən Abdullayev ən perspektivli futbolçulardan sayılsa da, “Zirə”də özünü göstərə bilmir...
- Ona inanmışıq. Buna görə komandaya dəvət etmişik. Öz üzərində çalışır. İstək var. Bir az uyğunlaşmayla bağlı problemi var. Ancaq tənbəl deyil. Yeganə problem ondadı ki, oyun baxımından kollektivə uyğunlaşa bilmir.