Bizim futbol

Manjqaladze: “Sonuncu yerə layiq deyilik”

“Hər şey yaxşıdı, qarşıdakı oyuna da plan üzrə məşq etmişik. Həftə ərzində məşqçilər korpusunun təlimatları ilə hazırlaşmışıq”. 

Dsport.az xəbər verir ki, bu sözlərin müəllifi “Kəpəz”in əsas komandasının üzvü Giuli Manjqaladzedi. Klub saytına açıqlamalar verən futbolçu ilk olaraq 24-cü turda səfərdə oynayacaqları “Səbail”lə oyun haqda danışıb: 

“Uğurlu nəticəyə köklənmişik. Açığı, qələbə qazanmaq istəyirik. İndiki məqamda bizi yalnız 3 xal qane edir. Asan matç olmayacaq, ümumiyyətlə, çempionatda rəqiblərin hamısı güclüdü və ona görə də hər bir oyun ağır keçir. Qələbə qazanmaq üçün bütün bacarığımızı ortaya qoyacağıq”.

Manjqaladze “sarı-göylər”in ötən tur “Qarabağ”a qarşı keçirdiyi oyun haqda da danışıb: “Bu kluba qarşı hələ “Samtredia”da çıxış edərkən Çempionlar Liqasında oynamışdım. “Kəpəz” heyətində isə çempionat matçlarında onlarla yenidən üz-üzə gəldim. Hər iki yarışda “Qarabağ”la oynamaq asan məsələ deyil. Amma Premyer Liqada rəqibimizdən istər səfər, istərsə də ev oyununda xal ala bilərdik. Hər iki qarşılaşmada 1:0 hesabı ilə uduzduq. Ələ düşən qol epizodlarından maksimum şəkildə istifadə etməli idik. Demək olar ki, bütün oyunlarda çoxlu qol vəziyyətləri yaradırıq amma dəqiq yararlana bilmirik”.

Yarımmüdafiəçi “Kəpəz”in turnir cədvəlindəki mövqeyinə də toxunub. O, son pillədən qurtulmağa çalışdıqlarını söyləyib: “Vəziyyəti düzəltməyə çalışırıq, hər oyuna bu istəklə çıxırıq. Komandamızın göstərdiyi oyuna görə deyə bilərəm ki, sonuncu yerə layiq deyilik. Qarşıda 5 tur var. Autsayder mövqeyindən yaxa qurtarmaq üçün iki qat əzmlə mübarizəni davam etdirəcəyik”.

Giuli sonda azarkeşlərin ünvanına da xoş sözlər deyib: “Fanatlarımıza təşəkkür edirəm, onlar ən yaxşı sözlərə layiqdilər. Sonuncu yerdə olmağımıza baxmayaraq, azarkeşlər hər zaman bizi dəstəkləyirlər. Stadiona çoxlu sayda tamaşaçı gəlir. Nəticədən asılı olmayaraq, komandanı bu qədər azarkeşin dəstəkləməsi çox şey deməkdi. Heç də bütün klubların fanatları belə deyil. Ürəklə deyə bilərəm ki, bizim azarkeşlər çempionatın ən yaxşısıdı. Mənim üçün bu vəziyyət çox xoşdu. Belə də davam edib oyunumla onların sevgisini qazanmağa çalışacağam”.