Bizim futbol

“Qəbələ”nin “Neftçi” ilə 45-ci dueli

Topaz Premyer Liqasında 24-cü turun oyunları keçirilir. 

Dsport.az xəbər verir ki, sabah meydana çıxacaq “Qəbələ” səfərdə “Neftçi” ilə görüşəcək. Bakıda keçiriləcək matç komandalar arasında son 11 gündə 3-cü oyun olacaq. Azərbaycan kubokunun yarımfinalında üz-üzə gələn rəqiblər aprelin 12-də Qəbələ şəhər stadionunda, 18-də isə 8-ci km stadionunda qarşılaşdı. Evdə 1:2 hesabı ilə uduzub, səfərdə 3:1 hesablı qələbə qazanmaqla finala yüksələn “qırmızı-qaralar” 4 gün sonra yenidən özü üçün uğurlu olan stadiona çıxacaq. 

Mövsümdə 6-cı dəfə görüşəcək komandalar tarixdə 45-ci dueldə üz-üzə gələcək. İlk dəfə 2006/07 mövsümündə qarşılaşan rəqiblər indiyədək 44 dəfə münasibətlərini ayırd edib. Əvvəlki oyunlarda 16 qələbəsi olan “Qəbələ” səfər matçına tarazlığı bərpa etməyə çıxacaq. Belə ki, “Neftçi” daha çox – 17 dəfə qalib gəlib. Digər 11 qarşılaşma heç-heçə başa çatıb. “Qırmızı-qaralar” top fərqində üstünlüyə malikdi. 58 qol vuran “Qəbələ” 56 top buraxıb. 

Baş tutan 44 oyunda “Qəbələ”nin ən məhsuldar futbolçusu Baqali Dabodu. O, paytaxt təmsilçisi ilə görüşlərdə 6 qol vurub. Dodo 4, Aleksey Qay, Lorentso Ebesilio, Yannik Kamanan, Ruslan Qurbanov və Stiven Monroz hərəyə 3 dəfə rəqibi məyus edib. 

5 dəfə ölkə kubokunda qarşılaşan “Qəbələ” və “Neftçi” Premyer Liqada 39 dəfə üz-üzə gəlib. Sabah keçiriləcək görüş çempionatda 40-cı duel olacaq. Əvvəlki 39 matçda bakılılar 16, qəbələlilər 15 dəfə qalib gəlibsə, 8 matçda sülhlə barışıblar. Premyer Liqada “qırmızı-qaralar” 51, “ağ-qaralar” 50 qol vurub.

Ümumilikdə “Qəbələ” səfərdə 9 qələbə qazanıb, 7 dəfə məğlub olub. Digər 5 görüş heç-heçə nəticələnib. Rəqib meydanında 30 top vuran “Qəbələ” 27-ni buraxıb.