Bizim futbol

Ruslan Qurbanov: “Şəxsən mən final matçının Bakıda olmasını istərdim”

“Qəbələ”nin hücumçusu Ruslan Qurbanov Dsport.az saytına müsahibə verib:

- Finala vəsiqə qazandınız. Təəssüratlarını bilmək istəyərdim...
- Bu matçı hələ çox yadımda saxlayacam. Stadiona gəlib bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu qələbə bizim üçün çox vacib idi.

- "Neftçi" hesabı açdıqdan sonra da, finala vəsiqə qazanacağınıza inam qalmışdı?
- Əksinə, bu, bizi daha da qızışdırdı. Qol buraxsaq da, özümüzü itirmədik. Çünki onsuz da biz iki qol vurmalı idik. Ancaq üç qol vurduq, hətta dördüncünü də vura bilərdik. 

- Maraqlıdı, "Neftçi" ilə matçda əsas heyətdə yox idin. Bu nə ilə əlaqədar idi?
- Baş məşqçi necə qərar vermişdisə, ona hörmətlə yanaşıram. Uşaqlar özlərini ən yaxşı tərəfdən göstərdi. 

- Cavid Hüseynovun penalti qolundan sonra, "artıq finaldayıq" deyə düşündün?
- Xeyr, belə düşünmədim. Çünki sona qədər oynamaq lazım idi. Hakimin final fitinə qədər oynamaq vacib idi. "Neftçi" qol vura bilərdi.

- İlk oyununuz altı gün önc olmuşdu. Maraqlıdı, bu qısa zamanda nə dəyişdi ki, tam fərqli "Qəbələ" var idi meydanda?
- Biz prezidentimiz, rəhbərliyimiz üçün oynayırdıq. Onlar bizim üçün çox şey edib və bizim məğlub olmaq haqqımız yox idi.

- Finalda "Keşlə"yə qarşı oynayacaqsız. Sənin üçün "Sumqayıt"ın deyil, "Keşlə"nin finala çıxması gözlənilməz olmadı ki?
- Heç bu barədə düşünmürdük. Çünki özümüz finala adlamaq istəyirdik. Finalda hansı komanda ilə oynamağın fərqi yoxdu. Əsas odu ki, finala adladıq. Finala da çox ciddi hazırlaşacağıq.

- Final matçının Qəbələdə olması sizin üçün üstünlükdü?
- Necə qərar veriblərsə, elə də olacaq. Şəxsən mən finalı “Bakcell Arena”da oynamaq istəyərdim. Amma Qəbələni seçiblərsə, demək orada oynamaq lazımdı.

- Son vaxtlar "Neftçi"yə keçəcəyin deyilir. Bu, nə dərəcədə doğru xəbərdi?
- Hazırda "Qəbələ" ilə müqaviləm var. Müqaviləmin müddəti başa çatandan sonra bu barədə danışmaq olar. Klubsuz qalmayacam, çünki bir çox yerlərdən təklifim var. Ancaq bu dəqiqə bu barədə danışmaq istəmirəm. Bəziləri fikirləşər ki, özümü reklam edirəm. Mövsüm sonunu gözləyəcəm və sonda necə olacaq bilinəcək.