Bizim futbol

Rəşad Əzizli: “Hər 3 qolda günahkar mənəm”

Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qəbələ” ilə cavab matçında 1:3 hesablı məğlubiyyətlə (ilk oyun 2:1) üzləşərək finala vəsiqə qazanmaq şansını əldən verən “Neftçi”nin qapıçısı Rəşad Əzizli matçdan sonra jurnalistlər üçün brifiniq keçirib.

Dsport.az xəbər verir ki, o, öncə bunları söyləyib: “İlk oyunda qalib gəlsək də, cavab matçında da nəticə önəmli idi. Komandamızın da, özümün də bəxtim gətirmədi. Qapımıza qollar daxil oldu. Sadəcə, diqqətsizliyə yol verdik”. 

24 yaşlı qolkiper bildirib ki, səfərdəki ilk görüşdə 2:1 hesablı qələbə və Premyer Liqadakı son qarşılaşmalardakı uğurlu çıxışı flaqmanın futbolçularında arxayınlıq yaratmayıb: "Xeyr, qətiyyən. Bu, bizdə arxayınlıq yaratmamışdı. Sadəcə, oyun alınmadı. Həmişə udmaq olmur. Uduzmağı da bacarmaq lazımdı".

Əzizli cavab görüşündə qapısına daxil olan hər 3 qolda özünü günahkar saydığını açıqlayıb. O, qapıya gedən topda komandasına kömək etməyinin vaciblyini vurğulayıb. O, hesabda dönüş edə bilməmələrinin səbəbini belə izah edib: "Komandamız gec toparlandı. Vaxt çatmadı. Bir qol da vursaydıq, davamı gələcəkdi. Bəxtimiz gətirmədi. Finala vəsiqə qazanmamağımız da buna görədi. Çünki hər iki oyunda üstün tərəf biz idik. Sadəcə, diqqətsiklik üzündən qollar buraxdıq. Əvəzini çıxmaq üçün isə gec idi".

Əzizli qalan görüşlərdə heç kimə azarkeşlik etməyəcəklərini əlavə edib: "Sadəcə, öz oyunumuzu sərgiləyərək, qələbələr sayəsində irəli getmək lazımdı. Fikrimiz 3-cü yeri tutmaqdı. Çempionatdakı qalan görüşlərdə qələbələr qazanaraq, layiql yerimizi tutacağıq. Həftəsonu "Qəbələ" ilə Premyer Liqanın 24-cü tur matçına da qələbə üçün çıxacağıq. Bu görüşə revanş kimi baxa bilmərik. Sadəcə, hər bir matçda qələbəni düşünürük. Bu, baş versə, hər şey öz yerini tapacaq".