Bizim futbol

“Əvvəldən belə oynasaydıq, bəlkə də çempion olardıq”

Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Neftçi” ilə cavab matçında 3:1 hesablı qələbə (ilk oyun 1:2) sayəsində finala vəsiqə qazanan "Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə jurnalistlərin suallarını cavablandırıb.

Dsport.az həmin müsahibəni təqdim edir:

- İlk oyunda evdə 1:2 hesabıyla uduzandan sonra finala çıxmağa inam vardı?
- Həmin məğlubiyyətdən sonra komandada hardasa ruh düşkünlüyü var idi. Ancaq hamımız bir yumruq kimi birləşərək sözü bir yerdə qoyduq ki, bu, bizim üçün mövsümün oyunudu. Çempionat öz yerində, ancaq "Neftçi"ylə cavab yarımfinal matçı həqiqətən mövsümün qarşılaşması idi. Futbolçularımız matça çox yaxşı hazırlaşmışdı. Komandada xarakter gördüm. Bu, çox gözəl hal idi. Əvvəldən belə oynasaydıq, bəlkə də çempion olardıq. Çempionata toxunmaq istəmirəm, bu yarış öz yerində. Finala vəsiqə qazandıq. Həlledici matça hazırlaşacağıq. İstəyimiz kuboku qazanmaqdı. İnşallah, Allah-təala bizi utandırmaz.

- "Neftçi"ylə yarımfinal matçlarında tam fərqli "Qəbələ" gördük. İlk oyunda tam ruh düşkünlüyü olan, oynamaq istəməyən, bu gün isə finala çıxmaq istəyən komanda. Nə dəyişdi?
- Komanda olaraq hər oyuna ciddi hazırlaşırıq. Rəqibimiz də sıradan komanda deyil. "Neftçi" son vaxtlar çox yaxşı formada idi. Onlar bizi ilk oyunda üstələyərək qalib gəldi. Həmin matçı analiz etdik, boşlulqarımıza baxdıq. Çox səhvlərə yol vermişdik. Düzgün nəticə çıxardıq, şanslarımızdan maksimum yararlandıq. Məncə, rəqibi bütün komponentlərdə üstələdik. Bu da son nəticədə özünü göstərdi.

- İlkin Qırtımovla mübahisən oldu. Həmin epizodda nə baş verdi? Baş hakimdən penalti istəyirdin...
- Bəli, hakimlə danışırdım. İlkin də öz etrazını mənə bildirdi. Futbolda istər-istəməz belə hallar olur. İlkinlə çox yaxşı münasibətdəyik, dostuq, qardaşıq. Meydanda belə şeylər olur. Oyundan sonra Qırtımovun yanına gələrək əlimi uzatdım. Belə bir problem olmadı. Oyunun stressidi, olur istər-istəməz. 

- Bir məhsuldar ötürmə etdin. Birini də edə bilərdin, ancaq qapıya zərbə vurmağı üstün tutdun ki, top "çərçivə"yə düşmədi...
- Bu, özünü sübut deyildi ki, qol vurum.

- Komanda yoldaşın boş idi, ancaq ötürmə vermədin...
- Heç vaxt belə bir niyyətim olmayıb ki, kiməsə özümü sübut edim. Şükürlər olsun ki, məni tanıyan tanıyır. Ancaq hər oyunda formamın haqqını vermək, komandama kömək etmək istəyirəm. Düzdü, bu qarşılaşmada oyunum pis alınmadı, qol ötürməsi verdim. İkinci hissədəki həmin epizodda ikifikirli oldum. Bilmədim ki, ötürmə verim, yoxsa özüm qapıya zərbə vurum. İki fikirdə olmaq sonda məni çaşdırdı və istədiyim alınmadı. Ancaq şükürlər olsun ki, nəticəyə təsir etmədi, qələbəmizi əldə etdik.

- Final Qəbələdə keçiriləcək...
- Bu, dəqiqləşib? 

- Bəli. Artıq kuboku "Qəbələ"nin saymaq olar?
- Yox, elə bir şey demək istəmirəm. Çünki arxayınlaşmaq olmaz. İndi çempionatımızda mübarizə onu göstərir ki, hər bir komanda hər birindən xal ala bilər. "Keşlə" də yaxşı formadadı. Bizi bundan da 2-3 qat çətin matç gözləyir. Finalın Qəbələdə olması hardasa bizim üçün üstünlük ola bilər. Ancaq bunu elə bir şey saymıram. Onlar üçün də həmin meydançadı, bizim üçün də. Qələbə qazanmaq istəyirik. 

- "Qarabağ"ın kubokdan kənarda qalması sizin üçün əlavə motivasiyadımı?
- Elə bir düşüncəmiz olmayıb. Heç vaxt fərq qoymamışıq ki, rəqibimiz "Qarabağ", "Keşlə" və ya "Sumqayıt" olsun. Düzdü, finalda "Qarabağ"la oynasaydıq, fərqli matç olardı. Ancaq heç vaxt fikirləşməmişik ki, nə yaxşı "Qarabağ" yoxdu. Buna sevinməmişik. Biz öz oyunumuzu oynayırıq.