Bizim futbol

Cavid Hüseynov: “Bununla kifayətlənmək olmaz”

Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Neftçi” ilə cavab matçında 3:1 hesablı qələbə (ilk oyun 1:2) sayəsində finala vəsiqə qazanan "Qəbələ”nin kapitanı Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırıb.

Dsport.az həmin müsahibəni təqdim edir:

- Matçla bağlı nə deyə bilərsiz?
- Şansımızın bitmədiyini bilirdik. Hər şey özümüzdən asılı idi. Evdə 1:2 hesabı ilə uduzduğumuz oyundan sonra da demişdim. Bəziləri sözümü məsxərəyə qoyurdu. Aramızda var da, "Roma”sı, "Yuventus”u (gülür). Əziyyətimizin bəhrəsini gördük. Toparlanmağımızın sayəsində bu nəticəni əldə etdik və finala vəsiqə qazandıq. Bizə inanan azarkeşlərə, inanmayanları nəzərdə tutmuram, onlara sözüm ola bilməz, dəstək verənlərə minnətdarlığımı bildirirəm. 

- İlk matçla cavab qarşılaşması arasında bir həftə vaxt vardı. Bu müddətdə nə dəyişdi?
- Psixoloji eniş yaşayırıq. Fərdi götürsək, futbolçularımızın hamısı güclüdü. Sadəcə olaraq, çempionat matçlarında eniş yaşanır. "Neftçi” ilə ilk qarşılaşmada bəxtsizlik də bizi bir qədər arxaya atdı. Bu gün daha yaxşı idik. Ot örtüyü də ideal səviyyədə idi. Meydanda nə istəyirdiksə, edirdik. 

- Oyunun əvvəlində həddindən artıq aqressiv görünürdüz, referiyə sərt şəkildə etiraz bildiridiz. Bu nə ilə bağlı idi?
- Orada iki epizod vardı. Topu rəqibdən alanda qayda pozuntusuna yol verməmişdim.  Mustivarın ayağı sürüşdü, referi bunu qayda pozuntusu kimi dəyərləndirdi. İstər-istəməz etiraz etdim, özümdən asılı deyil. Ondan sonra hər şey qaydasına düşdü.

- İkinci penaltini Stiven Monroza jest edərək verdiz, o da vura bilmədi. Ürəksiz verdiyiniz üçün belə oldu?
- Xeyr, ürəksiz vermədim. Birincini istəyirdi, risk etmədim, özüm vurdum. Heç cür ona həvalə edə bilməzdim. Məsuliyyəti öz üzərimə götürdüm. İkincidə hesabda 3:1 öndə idik deyə, onun daha soyuqanlı vuracağını düşündüm. Amma alınmadı. 

- Yəni, penaltini ona verdiyiniz üçün peşman olmadız?
- Peşman olmaq deyəndə ki, kənardan komanda yoldaşlarım “niyə özün vurmadın” söylədilər. Komanda yoldaşımdı, xətrinə dəymək istəmədim. 

- Finalın mayın 28-də Qəbələdə keçirilməsi sizin üçün əlavə motivasiyadı, yoxsa təzyiq?
- Təzyiq olduğunu düşünmürəm. Final bir oyundan ibarətdi. Rəqibimiz "Keşlə” yaxşı komandadı. Ciddi hazırlaşmaq lazımdı. Bununla kifayətlənmək olmaz. Kuboku götürmək üçün əlimizdən gələni edəcəyik. 

- Bu qələbə çempionatın qalan turlarında oyununuza nə dərəcədə təsir edə bilər?
- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Çünki yalandan deyərəm ki, hə, yaxşı təsir edəcək. Amma yenə pis çıxış edərik. Bu baxımdan hələ tələsməyək.

- Həftəsonu çempionatda "Neftçi”nin qonağı olacaqsız. Burada yenə gərgin oyun olacaq?
- Çempionat matçıdı, əlimizdən gələni edəcəyik. 

- Çoxları düşünür ki, final görüşü bu qədər gərgin keçməyəcək...
- Həqiqətən də finala bərabər ajiotaj vardı. Hər iki komanda istəkli idi. Sadəcə olaraq, biz daha kompakt şəkildə hərəkət edirdik. 

- Qarşılaşmanın gedişində baş məşqçiyə sizi əvəzləməsini söylədiniz. Lakin Roman Qriqorçuk bunu etmədi...
- Belimdə əzələdaxili soyuqlama var. Həmin ağrı tutdu. Bir az qaçandan sonra gördüm keçir. Ona görə də dedim ki, tələsməsin.