Bizim futbol

Kamal Quliyev: “Neftçi” yatmış aslan idi, indi nəyə qadir olduğunu göstərir”

“Neftçi”nin sabiq futbolçusu, hazırda akademiyada seleksiya xidmətinin rəhbəri olan Kamal Quliyev Dsport.az saytına müsahibə verib:

- “Neftçi” son vaxtlar yüksəlişdədi, həm liqada, həm də çempionatda uğurlu nəticələr qazanır. Bu uğurlu nəticəni nə və yaxud kim ilə əlaqələndirirsən?
- Komandamız öz oyununu tapıb. Qələbə ruhunu, əzmkarlığını özünə qaytarıb. Bu qələbələr oyundan-oyuna komandamızı daha da məsuliyyətli və diqqətli olmağa sövq edir. Burada xadiməçidən tutmuş rəhbər işçiyə qədər hamı “Neftçi”nin uğurlu çıxışına və mövsümü titulla başa vurmasına köklənib. Bir də baş məşqçi və onun kollektivi də öz sözünü deyir.

- “Neftçi” son turda “Zirə”yə qalib gəlməklə bu komanda üzərindəki sindroma son qoydu...
- Sindrom deməzdim, ancaq arzuolunmaz rəqib idi. Lakin komanda sübut etdi ki, bu, “Neftçi”di və yığışıb bir olduqda hər şeyə qadir komandadı. Mən “Neftçi”ni yatmış bir aslana bənzətdim. Aslan oyandıqda nə edə biləcəyini göstərdi.

- “Neftçi” ölkə kubokunda finala adlaya bilər. “Ağ-qaralar”ın “Qəbələ” ilə ilk görüşdə qalib gəlməsi sizin üçün sürpriz olmadı ki?
- Komandamız çox yaxşı oynadı və layiqli şəkildə qələbə qazandı.

- Cavab görüşü haqda hansı fikirdəsən? 
- Yenə də şansları bərabər sayıram. “Qəbələ” sıradan komanda deyil. İşini mükəmməl bilən, onu yerinə düzgün yetirə bilən komandadı. İnanıram ki, aslanlarımız ilk görüşdə olduğu kimi, bu görüşdə də qələbə qazanıb, finala adlarını yazdıracaqlar.

- “Qəbələ”nin qələbə şansı varmı cavab görüşündə?
- Şanslar 50/50-di.

- Yeni cəlb edilən Soni Mustivar barədə nə düşünürsən? O, komandaya xeyirli ola bilir?
- Qəbələdəki hər iki qol məhz Soni Mustivarın rəqibdən aldığı topdan sonra gəldi. İnşallah, daha da xeyirli olar.

- Finala çıxacağı halda “Neftçi”nin rəqibi ya “Keşlə” olacaq, ya da “Sumqayıt”. Hansı komanda olsa, daha yaxşıdı, səncə?
- Bu artıq final olacaq. Hər iki komandaya hörmətlə yanaşmaq lazımdı. İstər “Keşlə”, istərsə də “Sumqayıt” finala çıxsa, onlar da sona qədər oynayacaq.

- Ramil Şeydayevin “Neftçi”yə keçəcəyi bildirilir. Səncə, Şeydayev “Neftçi”yə lazımdı?
- Onu zaman göstərəcək. Hələ ki, bu haqda dəqiq bir söhbət yoxdu.