Bizim futbol

Elvin Yunuszadə: “Ramil Şeydayevin bu motivasiyaya ehtiyacı var idi”

“Qarabağ”ın müdafiəçisi Elvin Yunuszadə Dsport.az saytına müsahibə verib:

- "Qarabağ" Gəncə səfərindən üç xalla dönməyi bacardı. Matçı necə şərh edərdin?
- Gəncə səfəri bizim üçün həmişə çətin olub. Bu dəfə də elə oldu. Bilirdik ki, ağır olacaq. Artıq bu oyunu unudub qarşıdakı oyuna hazırlaşacağıq.

- Ədalətli nəticə "Qarabağ"ın qələbəsi idi?
- Bəli. Qalib gəlmək üçün hər şeyi etdik və sonda qalib gəldik.

- "Kəpəz" haqda hansı fikirdəsən? Hazırda bu klub sonuncu pillədə gedir və Premyer Liqanı tərk etməyə namizəddi...
- "Kəpəz" son pillədə olsa da, hər oyun zəif komanda olmadığını göstərir. Hələ qarşıda beş tur var və indidən nəsə demək çətindi. Çox şey dəyişə bilər, indidən demək olmaz ki, "Kəpəz" mövsümü son pillədə başa vuracaq.

- Gəncədəki futbol atmosferi necə idi?
- Gəncədə hər oyuna demək olar 10 min azarkeş gəlir. Çox istəyərdik ki, istər Bakıda, istərsə də başqa bölgəmizdə futbola Gəncədəki qədər maraq olsun. Bizim üçün də ayrı stimuldu.

- "Qarabağ" qarşıdakı turda çempionluğunu rəsmiləşdirə bilər. Yəqin ki, bu üstünlüyü əldən verməssiniz...
- Bizim üçün tək mübarizə “Qəbələ" ilə getmir. Fikrimiz-zikrimiz çempion olmaqdı. Bizim liqada bir rəqibimiz yoxdu. Yeddi rəqibimiz var. İndidən demək olmaz ki, çempionuq. Digər oyunlara necə hazırlaşırıqsa, buna da elə hazırlaşacağıq. 

- Əvəzedici heyətdən əsas heyətə qaytarıldıqdan sonra ardıcıl ikinci oyundu ki, əsas heyətdəsən. Demək olar ki, Qurban Qurbanovun etimadını doğrultmusan?
- Futbolda belə şeylər olur. Əsas odu ki, bu məsələni geridə qoyduq. Sağ olsun Qurban müəllim, mənə güvəndi. İki oyundu qalib gəlirik. Bundan sonra daha ciddi və daha diqqətli olmaq lazımdı.

- Ramil Şeydayev ilk qolunu Gəncədə vurdu. Onun haqda hansı fikidəsən?
- Ramilin qoluna həm komanda yoldaşı, həm də dost kimi çox sevindim. Ramilin bu motivasiyaya ehtiyacı var idi. İnanıram ki, bu Ramilin axırıncı yox, axarancı qolu olacaq. Əvəzedici heyətdə qollar vururdu, əsas komandada da bunu bacardı. İnanıram ki, davamını gətirəcək.

- Mahir Mədətov əvəzedici heyətə göndərilib...
- Mahir əvəzedici heyətə oyun praktikasından əziyyət çəkməmək üçün gedib. Bu da normaldı. Mən özüm də əvəzedici heyətdə oynadım. Bunun ziyanını yox, xeyrini gördüm. Qurban müəllim məsləhət bilib göndəribsə, demək bildiyi şey var. Elə Ramil keçən tur əvəzedici heyətə qol vurdu, sonra gəldi əsas komandada qol vurdu.