Bizim futbol

“Zirə” Samir Abasovu istəyir

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov mövsüm başa çatandan sonra sözügedən klubdan ayrılacaq. 

Dsport.az xəbər verir ki, son dövrlər bu barədə yayılan xəbərləri ötən gün sözügedən mütəxəssis özü də dolayısı ilə təsdiqlədi. Onun Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində “Keşlə” üzərində 2:1 hesablı qələbə qazandıqları oyundan sonrakı açıqlamasına diqqət yetirək: “Bəlkə yayda burda olmadım. Yeni gələn məşqçi baxacaq ki, bunlar 4 müdafiəçi ilə oynaya bilmirlər. Futbolçular hər bir sistemdə oynamağı bacarmalıdırlar”.

Göründüyü kimi, Abasov artıq indidən bu klubla yollarını ayıracağını böyük ölçüdə qətiləşdirib. Hətta komanda avrokuboklara vəsiqə qazansa belə, o, bu postda qalmayacaq.

Lakin gənc mütəxəssis işsiz qalmayacaq. Abasovun yaydan sonra hansı komandanı çalışdıracağını da öyrəndik. Əldə etdiyimiz məlumata görə, ona “Zirə” rəhbərliyindən təklif var. Ayxan Abbasovun son dövrlərdəki uğursuz nəticələrdən sonra istefaya göndərilməsi gündəmdədi. Ötən gün bu komandanın “Neftçi”yə 0:3 hesabıyla uduzduğu oyun zamanı gənc mütəxəssislə azarkeşlər arasında baş verən qalmaqal da “Zirə”də baş məşqçi dəyişikliyinin qaçılmaz olduğunu göstərdi. Bu klubdan təklif alan Abasov da “Sumqayıt”dan ayrılan kimi, məhz paytaxt təmsilçisinə üz tutacaq. Artıq tərəflər arasında müqavilə ilə bağlı da danışıqlar olub və böyük ölçüdə razılığa gəlinib.