Bizim futbol

“Finala adlamaq üçün sona qədər mübarizə aparacağıq”

"Keşlə"nin yarımmüdafiəçisi Sezar Meza Kolli Dsport.az saytına müsahibə verib.

- "Sumqayıt"la çempionat görüşündə üz-üzə gəldiniz və meydanı məğlub tərk etdiniz. Oyun barədə fikirlərin necədi?
- Bu görüşə xal qazanmaq üçün çıxmışdıq. İstədiyimiz nəticəni əldə etməyə yaxın idik. Sadəcə, sonda istədiyimiz nəticə olmadı. 

- Bu məğlubiyyəti nə ilə əlaqələndirirsən?
- Uduzanda da komanda uduzur, qalib gələndə də komanda qalib gəlir. Heyətdə bəzi dəyişikliklər olmuşdu. Amma yenə deyirəm ki, biz xal qazanmağa yaxın idik.

- Qeydə alınan məğlubiyyət kubok oyunu öncəsi özünəinamı və motivasiyanı aşağı salmır ki?
- Xeyr, belə bir şey yoxdu. Bizim mehriban və yaxşı kollektivimiz var.

- "Sumqayıt"a qarşı kubokun yarımfinal mərhələsinin ilk görüşündən qalib ayrıldınız. Həmin matçdakı qələbə qolunu da özün vurdun...
- Qələbə hər zaman gözəldi. Bəli, son dəqiqədə cərimə zərbəsindən qol vurdum. Düzünü desəm, həmin cərimə zərbəsi təyin olunan kimi elə ağlıma gələn ilk şey də qapıya zərbə vurmaq idi. Şadam ki, qalib gəlmişik. Amma qarşıda hələ cavab oyunu var və bu oyunu fikirləşirik.

- Sizin üçün "Sumqayıt" ilə kubok oyunu daha vacib idi, yoxsa çempionat?
- Bizim üçün hər oyun vacibdi və hər oyunda da qalib gəlmək istəyirik.

- Həm "Keşlə", həm də "Neftçi" finala daha yaxındı. Bu baş verəcəyi təqdirdə, sən də qardaşına qarşı oynamış olacaqsan...
- Bəli, "Neftçi" də yaxındı finala. Biz də finala adlamaq üçün sona qədər mübarizə aparacağıq. Ürəkdən istəyərdim ki, qardaşım da finala çıxsın. Ancaq finala hansı komanda çıxırsa-çıxsın, biz finala çıxası olsaq, yaxşı nəticə üçün oynayacağıq.