Bizim futbol

Kamran Quliyev: “Hədəfimiz ən yüksək yerlərdə olmaqdı”

“Neftçi”nin prezidenti Kamran Quliyev Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində səfərdə "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra brifinq keçirib. 

Dsport.az həmin müsahibəni təqdim edir:

- İlk dəfə çempionatda "Zirə"yə qalib gəldiniz...
- Bəli, özü də bu cür qalib gəldik. Pis deyildi, oyun mənim xoşuma gəldi. Deyəsən, hamının xoşuna gəldi. Amma Qəbələdəki qələbədən sonra komandamız yorğun idi. Bu, meydanda görünürdü. Hələ qarşıda "Qəbələ" ilə cavab görüşü və çempionat oyunu da var. Meydan amili də öz sözünü deyirdi. Ardıcıl təbii örtükdə oynadıqdan sonra süni meydanda çıxış etmək bir qədər ağır idi. Amma şərtlər hamı üçün bərabər idi. Əsas odu ki, "Zirə" ilə xal fərqini minimuma endirdik. 

- Komandanız həm Premyer Liqa, həm də Azərbaycan Kubokunda Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparır. Bunu nəzərə alaraq, növbəti mövsüm üçün çalışmalara başlamısız?
- Bu barədə yalnız çempionatın bitimində danışarıq. Qabaqcadan danışmağı xoşlamıram. Avroliqaya düşsək, güclənməliyik. Bu, birmənalıdı. Hətta düşməsək belə, güclənməliyik. Hədəflərimiz böyükdü.

- Lakin 3-cü yer uğrunda rəqabət "Neftçi" və "Sumqayıt" arasında gedir. Bu gün keçmiş klubunuzun "Keşlə" üzərində qələbəsinə sevindiz, yoxsa...?
- Təbii ki, "Sumqayıt"ın keçmiş prezidenti kimi sevinir və onları təbrik edirəm. Amma mən hazırda "Neftçi"dəyəm və hədəfimiz ən yüksək yerlərdə olmaqdı. "Sumqayıt"ı nə qədər istəsəm də, mübarizəmiz elə "Sumqayıt"la davam edir.

- "Zirə"nin futbolçusu Yani Urdinova göstərilmiş qırmızı vərəqə "Neftçi"nin qələbəsində nə dərəcədə rol oynadı?
- Oyunun gedişinə birmənalı olaraq, təsirini göstərdi. Çünki ilk yarının son 25 dəqiqəlik bölümündə "Zirə"nin təzyiqi çox yüksək idi. Amma Urdinovun qırmızı vərəqə almasından sonra "Zirə" nə etdiyini bilmədi. Daha doğrusu, konsentrasiyanı itirdi.

- "Qalib komandanı mühakimə etməzlər" deyiblər. Amma maraqlıdı: "Neftçi"ni ağır durumdan nə çıxardı? 
- Futbolçular, məşqçi heyəti, bütün sıravi işçilər, rəhbərlik, sponsorumuz. Bu "5-lik"! 

- Bəs bunu sizin gəlişinizlə əlaqələndirmək olar?
- Xahiş edirəm, bu sualı mənə verməyin. Çempionat bitsin, sonra...

- Soni Mustivar sizin gəlişinizdən sonra transfer olunub. Onun oyunundan razısız?
- (gülür) Özünüz görürsüz də. Mən nə deyim? Hər oyunda can-başla çıxış edir. Camaat deyirdi ki, 8 aydı oynamayan futbolçunu necə transfer etmisiz? Amma keyfiyyət ortadadı. Məsələn, "Qəbələ" ilə görüşün 85-ci dəqiqəsində Mustivar topu alaraq, irəli getdi və məhsuldar ötürmə verdi. Bütün oyunlarda belə çıxış edir. Lakin məncə, bu, onun maksimumu deyil.   
 
- "Qəbələ" ilə cavab görüşündən nə gözləyirsiz?
- Bircə sözüm olacaq: Bütün azarkeşlərdən stadiona gəlib komandanı dəstəkləməyi xahiş edirəm. Görüş iş vaxtından sonra - saat 20:00-da başlanacaq. Finalın bir addımlığındayıq. Meydana qələbə üçün çıxacağıq. Bizə istənilən nəticə yox, qələbə lazımdı. Bu, əhval-ruhiyyə baxımından da önəmlidi. Çünki gələn həftənin bazar günü də "Qəbələ" ilə çempionatda üz-üzə gələcəyik. Mən azarkeşlərə səslənirəm: Xahiş edirəm, gəlin, komandanıza dəstək olun!

- 8-ci km - Əhmədli zonasından azarkeş cəlb etmək üçün aksiya keçirmək fikriniz var?
- Əvvəla, məlumat hər yerə verilib. Digər tərəfdən, sadiq azarkeşlərimizlə görüşlərim də olub. Görüşlərimiz yenə də davam edəcək.