Bizim futbol

Füzuli Məmmədov: “Sumqayıt” “Keşlə”ni keçəcək”

"Neftçi"nin sabiq oyunçusu Füzuli Məmmədov bu gün keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları öncəsi fikirlərini bölüşüb. Dsport.az saytına açıqlamasında o, bunları söyləyib:

“Son turlar ərzində "Neftçi"də komanda ruhunun qayıtdığını aydın görmək olar. Çox yaxşı qrafiklə yüksələn "Sumqayıt" qarşısında sərgilənən oyunda 0:1 hesabı ilə məğlub olarkən, oyunu çevirib 2:1 xeyrinə gətirməyi də bunu göstərir.  
  
Düzdü, sona qədər bu üstünlüyü qoruyub, saxlaya bilmədilər. Amma bu dediklərim "Neftçi"nin "Qəbələ"yə qarşı inamlı futbol sərgiləyəcəyini deməyə əsas verir. Ev sahibi "Qəbələ" isə futboldakı "qara zolaq"dan xilas ola bilmək üçün mütləq qələbə üçün meydana çıxacaq. Hazırkı durumda lider "Qarabağ"la arasındakı xal fərqi çoxdu. Ona görə də, evdə keçirəcəyi kubok matçında qələbə qazanıb, final oynamaq istəyəcək. Bir neçə tur əvvəl olsaydı, "Qəbələ"ni favorit saymaq olardı. Amma indi bu cütlükdə hər iki komandanın şansı bərabərdi.

Mənim toxunmaq istədiyim başqa bir məqam isə hakimliklə bağlıdı. Matçı İnqilab Məmmədov və onun briqadası idarə edəcək. İnqilab qış fasiləsindən sonra Premyer Liqada bəlkə də ən yaxşı idarəçilik edən baş hakimdi. Onun belə önəmli matça təyinat alması Hakimlər Komitəsinin bu hakimə etimadından xəbər verir. Bu gərgin oyunda onlara da uğur arzu edirəm. Bu cütdə nəticənin ilk matçda həll olunacağına inanmıram. Həm də son günlər Çempionlar Liqasında izlədiklərimiz bir daha sübut edir ki, futbolda final fiti verilmədən heç nə bitmiş sayılmır".

"Keşlə" - "Sumqayıt" oyunu barədə uzun-uzadı danışmağa ehtiyac duymuram. Bir az əvvəl qeyd etdiyim kimi, xüsusilə qış fasiləsindən sonra “Sumqayıt” Premyer Liqada bəlkə də ən yaxşı oyun sərgiləyən komandadı. Legionersiz "Sumqayıt" zəif təsir bağışlayan legionerli “Keşlə”ni iki oyunun nəticəsinə görə keçən komanda olacaq".