Bizim futbol

Ruslan Qurbanov: “Belarusla oyunda azarkeşlərimizi sevindirmək istəyirik”

Milli komandamızın forvardı Ruslan Qurbanov Dsport.az saytına müsahibə verib:

- Toplanışınız necə keçir, komandadakı atmosfer necədi?
- Toplanışımız əla keçir. Atmosfer də çox yaxşıdı. Futbol üçün lazım olan hər bir şərait yaradılıb.

- Milliyə dəvət olunanlar sırasında sənin üçün gözlənilməz ad var idi?
- Komandamızın baş məşqçisi var və kimi dəvət etmək lazım olduğunu o, daha yaxşı bilir, hər şeyə o, qərar verir. Buna şərh verə bilmərəm.

- Hazırda millidə yer alanlar arasında indiyə qədər birlikdə oynamadığın var? Anlaşmada problem yaşamırsız ki?
- Burada olanlar demək ki, burada olmağa layiqdilər. Hamı məsuliyyəti dərk edir. Hamı bir-birini yaxşı tanıyır, düşünmürəm ki, anlaşmada problem olsun.

- Belarus və Makedoniya ilə oyunlarda hücum xəttində sənlə Amil Yunanov olacaq. Birlikdə oyununuz alınacaq, səncə?
- Kimin oynayıb, kimin oynamayacağını mən bilmirəm. İkimizin də meydanda olması lazım gəlsə, heç bir problem olmayacaq.

- Amil Yunanovun milliyə dəvət olunmasını çoxları istəyirdi, hətta dəvət olunmayanda millinin baş məşqçini tənqid də edirdilər. Onun haqda hansı fikirdəsən?
- Amil yaxşı futbolçudu. Özü də Amil bombardirlər sırasında gedir. Milliyə dəvət olunmağa layiq idi. 

- Belarus və Makedoniya ilə görüşlərdə millimiz qələbə qazana bilər? Bakıda belaruslarla oynayacağıq. Onlar haqda hansı fikirdəsən?
- Belarus haqda heç bir məlumatım yoxdu. Ancaq tezliklə onlar barədə də məlumatımız olacaq. Belarusun yaxşı komanda olduğunu anlayırıq. Onlarla oyuna ciddi hazırlaşırıq, azarkeşlərimizi sevindirmək istəyirik.

- Son oyunlarda “Qəbələ”də sağ cinah müdafiəçisi kimi oynadın. Millidə isə forvard kimi oynayacaqsan. Çətinlik var?
- Baş məşqçi hansı mövqeyə qoysa, orada da oynamağa tam hazıram.

- İllər öncə “Valensiya”ya yeni baş məşqçi təyin edilən Ronald Kuman komandanın hücumçusu Arizmendini sağ cinah müdafiəçisi kimi oynatmağa başlamışdı. Ancaq holland mütəxəssis postundan göndərildi və onun gedişindən sonra Arizmendi yenidən hücumçu kimi oynamağa başladı. “Qəbələ”də ilk gedən kim olacaq?
- Düzünü desəm, bilmirəm (gülür). Ancaq sağ cinah müdafiəçisi kimi oynamaq mənə asandı. Şans verilirsə, istənilən mövqedə oynamağa hazıram.