Bizim futbol

“Belarus və Makedoniyaya məğlub olsaq belə, bunu faciə saymayacam”

Milli komandamızın keçmiş futbolçusu Füzuli Məmmədov Dsport.az saytına müsahibə verib:

- Milli komandamıza dəvət olunanların siyahısı ilə yəqin ki, tanış olmusan. Səni təəccübləndirən ad olmadı ki siyahıda?
- Bəli, heyətlə tanış oldum. Xeyr, mənim təəccübləndiyim kimsə olmadı. Milli komandanın qapısı hər bir azərbaycanlı futbolçu üçün açıq olmalıdı. Dəvət göndərilənlər arasında yeni simaların olması da bunu bir daha sübut etdi.

- Səncə, milliyə layiq olub kənarda qalan var?
- Gəlin indidən konkret adlar üzərində dayanmayaq. Qurban Qurbanovun gəlişindən sonra Antalyadakı toplanışa başqa futbolçular cəlb olunmuşdu. Həmin vaxt bəzi həmkarlarınız, elə məşqçilər də bəzi oyunçuların milliyə dəvət olunmamasına irad bildirmişdi. İndi isə nisbətən fərqli heyətə dəvət göndərilib, indi də başqalarının niyə dəvət olunmamasına reaksiya verilir. Milliyə dəvət olunanlar sınaq məqsədilə dəvət olunub. Qurban Qurbanov və köməkçiləri Premyer Liqada fərqlənən oyunçuları millidə sınayıb, gələcək rəsmi heyətini formalaşdırmalıdı. Ona görə də indidən onları tənqid hədəfi seçmək doğru deyil. Baş məşqçi kimi Qurban Qurbanovun özünün futbola baxışı var və ola bilər ki, hansısa komandada yaxşı oynayan biri onun milli komandadakı taktikasına uyğun gəlməsin. Bu o demək deyil ki, həmin futbolçu zəifdi.

- Hücum xəttində Amil Yunanovla Ruslan Qurbanov yer alır. Dişsiz görünən hücum xəttinə səncə, başqa forvardlar da dəvət etmək olmazdı?
- Razılaşaq ki, bizim milli hazırda sırf hücum futbolu oynayan komanda deyil. Ona görə də hücumda olan futbolçuları hücumameyilli yarımmüdafiəçilərlə dəstəkləmək hazırkı durum üçün daha doğrudu. Düşünürəm ki, Qurban müəllim da məhz bu amili nəzərdə tutduğu üçün iki hücumçu ilə kifayətlənib.

- Belarusla Bakıda, Makedoniya ilə Antalyada oynayacağıq. Bu görüşlər barədə hansı fikirdəsən?
- Həm Makedoniya, həm də Belarus yaxşı komandadı. Oyunun harada olmasının elə də böyük əhəmiyyəti yoxdu. Bunlar yoxlama oyunlarıdı və bizə yalnız faydası olacaq. Millətlər Liqasından əvvəl nəyə qadir olduğumuz, səhvlərimizin nələr olduğunu müəyyən etmək baxımından bu cür qarşılaşmaların keçirilməsi vacibdi. Lap məğlub olsaq da, mən bu hesabları faciə saymayacam. Çünki Qurban Qurbanov yeni formalaşdıracağı əsas heyət üçün yəqin ki, hamını sınamaq, müəyyən risklər də etmək məcburiyyətindədi.

- Ramil Şeydayev və Mahir Mədətov bu dəfə əsas milliyə deyil, U-21 yığmasına cəlb edilib. Necə düşünürsən, bu U-21 yığmasına kömək məqsədilə atılmış addımdı?
- U-21 millimiz əvəzedici komanda deyil ki, kimlərisə ora kömək məqsədilə göndərsinlər, ya da desinlər ki, get orada oyun praktikanı artır. Söhbət burada milli komandadan gedir. Ramil Şeydayev və Mahir Mədətov əsas millinin ilk toplanışına dəvət almışdı. Hər iki futbolçu “Qarabağ”da oynayır və Qurban müəllimin çox yaxşı bələd olduğu oyunçulardı. Üstəlik, bu futbolçuların U-21 komandasında oynamağa münasibdisə, niyə onların imkanlarından istifadə edilməsin ki? Bu gün həmin yaş qrupu üçün ən yaxşılar onlardısa, deməli burada başqa məqamlar axtarmaq lazım deyil.

- Ramil Şeydayevdən söz düşmüşkən, son vaxtlar o, çox müzakirə edilir. Onun karyerası üçün “Qarabağ”dan getməli olduğunu bildirir çoxu. Səncə də belə olmalıdı?
- Şeydayev potensiallı oyunçudu. Düzdü, son vaxtlar “Qarabağ”ın oyunlarında ilk onbirlikdə az-az görünür. Ancaq buna baxmayaraq o, milli üçün faydalı biridi. Məsələyə başqa tərəfdən yanaşsaq, niyə düşünmürük ki, millidə Şeydayevin hücumçu kimi özünü göstərməsi üçün lazım olan futbolçu, ya futbolçular azdı? Fikrimcə, Qurban Qurbanovun quracağı sistemlə bu problem də ortadan qalxacaq və bu gün tənqid edilən Şeydayev topla təmin edən, yaradacı futbolçular olacaq ki, o zaman Ramil də potensialını aça biləcək. 

- “Trabzonspor” Ramili satmağa da razıdı. “Qarabağ”ın oyun stilinə uyğun gəlmədiyi fikri ilə razısan? 
- Mətbuatdan oxuyuram ki, mövsümün sonunda “Trabzonspor”a qayıdacaq. Təbii ki, yekun qərarı “Qarabağ” rəhbərliyi verəcək. Ramil “Qarabağ”a gəlibsə, deməli baş məşqçi onu öz komandasında görüb ki, cəlb edib. Az şans verilirsə, bu o demək deyil ki, Ramil “Qarabağ”a lazım deyil. “Trabzonspor”a transfer qadağası qoyulub və klub prezidenti heç bir futbolçunu satmayacağını açıqlamışdı. Bilmirəm, Şeydayev barədə son qərar necə olacaq. Hər halda “Qarabağ” icarəyə götürmək istəməsə, yəqin ki, ölkəmizdə onun xidmətində maraqlı olan klublar önə çıxacaq. 

- Rəşad Sadıqov ilk rəsmi ciddi sınağını Kosovo qarşısında verəcək. Ümumiyyətlə, U-21 yığmamızdan Kosovo və İrlandiya ilə görüşlərdə uğurlu nəticə gözləməyə dəyər? 
- Rəşada uğurlar arzu edirəm. İnanıram ki, o, futbolçu kimi qazandığı uğulardan daha çox məşqçi kimi böyük uğurlara imza atacaq. Milli Rəşadın, Füzulinin və ya digərlərinin şəxsi komandası deyil ki, onu kiminsə adı ilə eyniləşdirib, sonra da həmin məşqçini tənqid edək. Milli hamımızındı, uğuru da bizimdi, uğursuzluğu da. Bu gün milli komandalarımızda olan baş məşqçilərin hamısı yerlilərdi. Heç bir məşqçi istəməz ki, rəhbərlik etdiyi komanda məğlub olsun, pis oyun sərgiləsin. Mən imkan düşdükcə, həmin məşqçilərlə də ünsiyyətdə oluram və onların da nə qədər gərgin iş qrafikində çalışdığının şahidiyəm. Rəşadın işgüzarlığı isə bəllidi. Ona görə də bu oyunlar rəsmi qarşılaşmadı deyə, Rəşadı hədəf göstərmək doğru deyil. Təbii ki, səhvlər də ola bilər. Ancaq nəzərə alaq ki, Qurban müəllim və onun komandasına altı illik zaman verilib. Bu da boşuna deyil. Deməli, zəif nöqtələr, çatışmazlıqlar müəyyən edilib, aradan qaldırılmalıdı. İnanıram ki, Rəşad Sadıqov və rəhbərlik etdiyi U-21 yığması bizi yaxşı gələcək vəd edən oyunlarla sevindirəcək. Yaxşı oyun, mübarizə əzmi olduğu zaman nəticə də olacaq.