Bizim futbol

“Trabzonspor” Şeydayevi satır

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin Türkiyənin “Trabzonspor” klubundan ayrılması gündəmə gəlib.

Dsport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, hazırda icarə əsasında “Qarabağ”ın formasını geyinən gənc forvardın cari mövsümdəki performansı müqavilə ilə məxsus olduğu “bordo-mavililər”in ürəyincə deyil. Digər tərəfdən “Qarabağ” da onu birdəfəlik transfer etmək niyyətindədi.

Bu məsələdə əsas söz sahibi olan “Trabzonspor” Şeydayevlə bağlı qərarını mövsümün sonunda verəcək. Transfer qadağası üzündən klub yayda yeni oyunçu almaq hüququndan məhrum olacağından, icarə əsasında digər komandalarda oynayan futbolçuları yay toplanışında sınamaq fikrindədi. Onlar arasında Şeydayev də olacaq. Lakin həmkarlarımız indiki vəziyyətdə Qara dənizlilərin Ramili satmağı planlaşdırdığını vurğulayıb. Onun Azərbaycan klubundakı çıxışını diqqətlə izləyən Super Liqa təmsilçisi 22 yaşlı hücumçunu satmağa müsbət baxır.