Bizim futbol

Vurğun Hüseynov: “Qələbədən başqa heç nə düşünmürük”

“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov Dsport.az saytına müsahibə verib:

- Komandanız “Kəpəz”lə oynayacaq. Bu görüşdən qələbə ilə ayrılacağınıza inanırsan?
- Bizim “Kəpəz”lə oyundakı əsas məqsədimiz qələbə qazanmaqdı. Özümüzə də tam olaraq inanırıq. Qələbədən başqa heç nə düşünmürük.

- “Kəpəz” qışdan sonra uğursuz çıxışlarına davam edir. Hər halda bu komanda “Sumqayıt”dan xal alsa, sürpriz hesab olunacaq…
- “Kəpəz” yaxşı komandadı. Onları yaxşı analiz etmişik. Çətin oyun olacaq, asan olmayacaq. Onlar bizdən xal alarsa, bu sürpriz sayılmayacaq. Çünki indi çempionatımızda hər bir komanda istənilən komandadan xal ala biləcək gücdədi.

- Qalib gələcəyiniz təqdirdə üçüncü pilləyə kimi yüksələ bilərsiniz. Bunun üçün isə “Zirə” – “Səbail” matçında birincilərin xal itirməsi lazımdı. İnanırsan ki, “Səbail” “Zirə”dən xal alacaq?
- Əsas öz oyunumuzu düşünürük. Qələbə qazansaq, hər şey yaxşı olacaq. Rəqiblər isə bizi o qədər də düşündürmür. Amma düzünü demək lazımdısa, “Səbail”in “Zirə”dən xal alması pis olmazdı.

- “Kəpəz”lə ilk iki dövrədəki matçları necə xatırlayırsan? Gəncədəki matçda qeydə alınan böyükhesablı nəticəni təkrarlamaq mümkündü?
- İndi tamam fərqli “Kəpəz” var. Yunis Hüseynov yaxşı komanda formalaşdırıb. Əsas qələbə qazanmağımızdı, hesabın isə heç fərqi yoxdu.

- “Sumqayıt” qışdan sonra məğlub olmayıb. Bu uğurlu çıxışınızın sirri nədədi?
- Uğurumuzun sirri? Güclü baş məşqçi, ailə kimi kollektiv, yumruğu bir yerə vuran komanda və bizə dəstək olan rəhbərlik. 

- Komandanız həm ölkə kubokunda, həm də çempionatda uğurlu oynayır. Çempionatı kuboka qurban verməyi düşünürsüz? 
- Hələ kuboka zaman var. Ümidvaram ki, kuboka qədər çempionat oyunlarında uğurlu çıxış edəcəyik. Kubok barəsində fikirləşərik. Heç birini digərinə qurban vermək fikrimiz yoxdu. Çalışacağıq ki, iki cəbhədə də irəli gedək.

- “Qəbələ” də çempionatda uğurlu çıxış etmir. Gümüş medal haqda necə, heç düşünürsüz? Hər halda “Zirə”ni qabaqlasanız, bu barədə də düşünə bilərsiz...
- Bu barədə heç fikirləşmirik. Əsas məqsədimiz Avropa Liqasına yollanmaqdı. Hansı yerdə olacağımızı isə yalnız zaman göstərəcək.