Bizim futbol

Milan Dyuriç: “Başqa yolumuz yoxdu”

“Zirə”nin yarımmüdafiəçisi Milan Dyuriç Dsport.az saytına müsahibə verib:

- “Qarabağ” məğlubiyyətindən sonra komanda özünə gələ bilib?
- “Qarabağ”la matçda xal qazanmağı çox istəyirdik. Çünki rəqibimiz güclü idi. Onlardan xal almaq bizə çox vacib idi. Amma təəssüf ki, biz həmin oyunda uduzduq. Artıq komandamız toparlanıb və növbəti oyuna hazırdı. 

- “Qarabağ”a məğlubiyyəti nə ilə əlaqələndirirsən?
- Rəqibimiz çox güclü komanda idi. Onlarla oynamaq həqiqətən çətindi. Ancaq biz nəticə qazanmaq istəyirdik, alınmadı. Artıq bu görüş geridə qalıb və bu haqda düşünməyə ehtiyac yoxdu. İndi “Səbail”lə oyuna konsentrasiya olmuşuq. 

- “Səbail”lə oyun haqda hansı fikirdəsən? Komandanız bu oyunda qələbə qazana biləcək?
- Bizi bu dəfə də ağır oyun gözləyir. Çünki “Səbail” də çətin komandadı, onlarla oyun elə-belə olmayacaq. 

- “Səbail” “Zirə”dən fərqli olaraq, qışdan sonra daha uğurlu çıxış edir. Bu komandanın əsas üstünlüyü nədədi?
- “Səbail” qışa qədər də pis çıxış etmirdi. Bəli, qışdan sonra daha da yaxşı çıxış edir. Bu komandanın oyunçuları sona qədər mübarizə aparır. Fiziki cəhətdən də çox yaxşı durumdadılar. 

- Hər halda bu dəfə də qələbə qazana bilməsəniz, işlər daha da çətinləşəcək və üçüncü pillə də əldən çıxacaq...
- Bu görüşdə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Maksimum güc qoyacağıq ki, üç xalı qazanaq. Başqa yolumuz da yoxdu. 

- Qışdan sonra “Zirə”nin işləri qaydasında getmir. Komandanın uğursuz çıxışını nə ilə əlaqələndirmək olar?
- “Zirə” hazırda yaxşı durumdadı. Komandamız üçüncü pilləni tutur. Hər bir komandada uğursuzluq dövrü olur. Bu isə futbolda normal haldı. Əminəm ki, biz bu durumdan da çıxacağıq və daha da güclü olacağıq. 

- “Zirə”ni bu durumdan nə çıxara bilər?
- Biz bir ailə kimiyik. Qazanacağımız uğurlu nəticələr, qələbələr və birliyimiz bizi bu durumdan çıxaracaq. Buna hamımız çox inanırıq.