Bizim futbol

Slavik Alxasov: “Ən ədalətli nəticə elə heç-heçə idi”

“Keşlə”nin futbolçusu Slavik Alxasov Azərbaycan Premyer Liqasının 20-ci turunda "Qəbələ” ilə 1:1 hesablı heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb. Dsport.az xəbər verir ki, o, öncə oyunu dəyərləndirib:

- Oyunun ədalətli nəticəsi heç-heçə idi. Rəqib də hücumlar edirdi. Çətin olacağını bildirdik.

- 19-cu turda "Neftçi”yə 2:3 hesablı məğlubiyyətdən sonra toparlanmağı və bu gün ən yaxşı oyunlarınızdan birini keçirmə necə bacardız?
- Həmin matçdan sonra iclas oldu. Dedik ki, "Neftçi” ilə qarşılaşmanı unudaq, "Qəbələ” ilə görüşə hazırlaşaq. Bu gün normal oynadıq. Toparlanmağı bacardıq. Klub prezidenti Zaur Axundov bizə dəstək verdi. Bildirdi ki, futboldu, hər şey ola bilər.

- Mübahisəli epizodlar oldu. Hakimlikdən razı qaldınız?
- Referi yaxşı idarə etdi, problem yoxdu. Ciddi səhv görmədim, razı qaldım.

- "Keşlə”nin yaxşı potensialı olsa da, istədiyi kimi çıxış edə bilmir. Nə mane olur?
- Qış fasiləsindən sonra 6-cı oyunumuzu keçirdik. Heyətdə yeni oyunçular var. Yavaş-yavaş uyğunlaşırıq. İlk matçla müqayisədə irəliləyişə nail olmuşuq. İrəlidə Sezar Meza Kolli, Herve Tçami kimi futbolçular var. Yaxşı, topla oynaya bilən oyunçulardı.

- Lakin qışda gələn bəzi futbolçular hələ komandaya kömək edə bilmirlər. Bəlkə də bu gün Ebrima Sohnanın oynamaması komandaya daha yaxşı təsir göstərdi...
- Bunu deyə bilmərəm, məşqçinin işidi. Onların da potenisalı yaxşıdı. Lakin məşqçinin işinə qarışa bilmərəm. Heyəti o, müəyyənləşdirir. Bu gün meydana çıxan heyət uğurlu çıxış etdi.

- Əsas fikrinizi Azərbaycan Kubokuna yönəltmisiz?
- Bəli, kubok bizim üçün pioritetdi. "Sumqayıt” da güclü komandadı. Azərbaycanda yaxşı ötürmə ilə oynayan iki komandadan biridi. Baş məşqçiləri Samir Abasovu da tanıyıram. Onun rəhbərliyi altında oynamışam. Çox yaxşı, aqressiv mütəxəssisdi. Onun taktikası güclüdü. Kubokda onları keçmək istəyirik. Təbii ki, "Sumqayıt”da bu haqda fikirləşir.

- "Sumqayıt” qış fasiləsindən sonra məğlub olmayıb. Bu məqam sizi qorxutmur ki?
- "Sumqayıt” çox yaxşı oynayır. Onlar artıq qurulmuş komandadı. Futbolçuları ötürməni baxmadan verirlər. Gözyumulu oynayırlar. Bunun da 99 faizi baş məşqçilərindən asılıdı.

- Yuri Maksimov da "Keşlə”də yenidi. Öz baş məşqçinizi necə xarakterizə edərdiniz?
- Güclü mütəxəssisdi. Komandada futbolçuların deyib-gülməsini, şən olmasını, ab-havanın yaxşı olmasını istəyir. Futbolçulara deyir ki, tək-tək gəzməyin, bir yerdə olun, çay için, danışın. Mehribanlıq olmasını tələb edir. Yaxşı mütəxəssisdi.