Bizim futbol

Stankoviç: “Bu, karyeramda ilk avtoqol idi”

“Həmin epizodda topa yüngülcə toxundum. Lakin onu uzaqlaşdıra bilmədim. Nəticədə ayağım rəqibin ayağına dəydi və o, yerə yıxıldı”.

Komanda.az xəbər verir ki, bunu "Qəbələ"nin müdafiəçisi Voyislav Stankoviç Azərbaycan Premyer Liqasının 20-cu tur matçının 65-ci dəqiqəsində "Keşlə"nin futbolçusu Sertan Taşkına qarşı kobudluğu barədə danışarkən deyib. Həmin epizodda baş hakim Ömər Paşayev "Qəbələ"nin qapısına penalti təyin etməyib. Bundan 6 dəqiqə əvvəl isə Stankoviç öz qapısına qol vuraraq, yekun nəticəni müəyyənləşdirib. Təcrübəli futbolçu özü və komanda yoldaşı Vitali Vernidubun son zamanlar avtoqollar etməsinin səbəbini bilmədiyini əlavə edib. O, karyerasında ilk dəfə topu öz qapısından keçirdiyini açıqlayıb.

Stankoviç hakimlik barədə də fikirlərini bölüşüb: "Özüm yaxından görməmişəm. Komanda yoldaşlarımın dediyinə görə, uzatma dəqiqələrində Ruslan Qurbanovun vurduğu qolda ofsayd yox idi. Bundan başqa bir epizodda baş hakim lehimizə təmiz penalti təyin etmədi. Referi düzgün qərarlar qəbul etsəydi, hesab 3:1 xeyrimizə nəticələnəcəkdi".   
 
Qeyd edək ki, "Keşlə" - "Qəbələ" matçında qalib müəyyənləşməyib - 1:1.