Bizim futbol

Rikardinyo: “Qarabağ” “Qəbələ” üçün yeganə problemdi”

“Qəbələ”nin keçmiş müdafiəçisi, hazırda İngiltərədə “Oksford Yunayted” klubunun forması geyinən Rikardinyo Dsport.az saytına müsahibə verib:

- “Oksford Yunayted”də işlərin necə gedir?
- Liqadakı işlərimiz yaxşı gedir. Sadəcə, bir az işləməyimiz lazımdı ki, pley-off mərhələsinə vəsiqə qazanaq. Bir neçə oyunçumuzu itirdik, yeni oyunçuların necə oynamağımızı daha yaxşı başa düşməsi isə vaxt aldı. Zədəli oyunçularımız da oldu ki, oyun ritmimiz hardasa itdi. Son matçlarda da daha yaxşı oynayaraq nəticələr qazanmağa çalışırıq.

- İngiltərədə, oynadığın liqa daha çətindi, yoxsa Azərbaycan Premyer Liqası daha çətin idi?
- Azərbaycandan bir neçə ildi ki, ayrılmışam. Orada hazırda çempionat necədi, dəqiq bilmirəm. Klublar yaxşı legionerlər gətirib, yerli oyunçulara da dəstək göstərirsə, bu, yaxşıdı. Çünki yerli oyunçulara daha yüksək səviyyədə oynamaq üçün kömək olmaq lazımdı. “Qarabağ”, “Neftçi” kimi komandalar heyəti gücləndirir. Onlar liqanı qazanmaq üçün çalışır. Premyer Liqaya baxanda orada səkkiz klub görmək həqiqətən də dəhşətlidi. Çünki heç olmasa 16 klub liqada oynamalıdı. Belədə futbolçular da daha çox oyun keçirəcək, təcrübə artacaq. Hazırda oynadığım "League One” Premyer Liqadan güclüdü.

- “Qəbələ” və “Oksford Yunayted” klublarını necə müqayisə edərdin?
- Yaxşı sualdı. Hər iki klub fərqli futbol oynayır. Bizdə oyunlar daha çoxdu, həm də komandalar daha komlektləşdirilmişdi. Oyundan-oyuna hər birimiz daha da artıra bilərik. “Qəbələ” son iki ildə yaxşı çıxış etdi. Ardıcıl iki dəfə Avropa Liqasında çıxış etmək uğurdu. Mən orada olandan bu yana “Qəbələ”də oyunçu dəyişiklikləri olduğunu gördüm. Yeni oyunçuları tanımıram, onların səviyyəsi barədə də bir söz deyə bilmərəm. Ona görə də bizim oyunçuları “Qəbələ” oyunçuları ilə müqayisə etmək çətindi. Ancaq “Qəbələ”nin bir neçə oyunçusunu tanıyıram ki, mən orada olanda çox yaxşı durumda idilər.

- Maraqlıdı, “Qəbələ”də oynayanda başqa təkliflərin yox idi, yoxsa özün məhz bu klubu seçdin?
- Mənə İngiltərə, Braziliya və İsveçdən təklif gəlmişdi. Ancaq mən ailəmi düşünərək İngiltərəni seçdim. Qızımın hazırda altı yaşı var. O, “Qəbələ”də olanda çox dostu yox idi, yalnız dörd-beş komanda yoldaşımın uşaqları ilə yaxın idi. Mən qızımı İngiltərədə məktəbə qoyacam ki, o, ingilis dilini də öyrənsin. Həmin vaxtı həyat yoldaşım hamilə idi və o, uşağı Braziliyada dünyaya gətirmək istədiyini bildirdi. Belə çıxırdı ki, “Qəbələ” ilə yeni müqavilə imzalasaydım, ailəm məndən uzaqda olacaqdı. Mən yalnız avrokuboklarda deyil, həm də elə çempionat matçlarında oynamaq istəyirəm. Yəqin xatırlayırsınızsa, mən çempionat matçlarında oynamırdım, ancaq avrokuboklarda meydana çıxırdım. İngiltərə isə əla ölkədi, əla futbol var. Əla klubdayam, həyat yoldaşım çox yaxşı xəstəxanada oldu, qızım üçün əla məktəb var. Oteldə yox, evdə qalırıq, böyük maqazinlər, çox yaxşı həyat tərzi var. Hazırkı baş məşqçim də “Malmö”dən məni yaxşı tanıyan mütəxəssisdi. Onun mənə marağı olduğunu eşidən kimi sevindim və “Oksford Yunayted”ə gəldim.

- “Qəbələ”nin Premyer Liqadakı çıxışını izləyirsən?
- Bəzən maraqlanıram. “Qəbələ” böyük klubdu, ancaq onlar liqada qalıb olmalıdı. Bunun üçün isə daha çox çalışmalıdılar. “Qəbələ”nin əla bazası, infrastrukturu var. Onların çempionatda “Qarabağ”a qalib gəlmək şansları da var. Sadəcə, “Qəbələ” digər asan görünən oyunlarda xal itirirdi, “Qarabağ” isə qalib gəlirdi. Məncə, bu mövsüm “Qəbələ” nəsə edəcək.

- Səncə, nəyə görə “Qəbələ” “Qarabağ”la çempionluq mübarizəsindən hər zaman məğlub ayrılır?
- Yeni oyunçuları tanımıram. Mənimlə oynamış oyunçuları yaxşı xatırlayıram. Mən orada olanda həmin oyunçular çox yaxşı oynadılar və avrokuboklarda qrup mərhələsinə də vəsiqə qazandıq. Ancaq indi “Qəbələ” komanda kimi necədi, onu bilmirəm. “Qəbələ”nin əla nəticələr qazanması öz əlindədi. Çünki məşq bazası, meydançalar, hər şey var orada. Nəinki iki il ardıcıl AL-in qrupu, hər il əla nəticələr qazanmaq mümkündü. Orada yaşadığım iki il yarım ərzində gördüyüm çox şeyi danışa bilərəm. Ancaq danışmamağı məsləhət bilirəm. Çünki deyəcəyim şeylər mənim düşündüyümdü, 100 faiz düz olmaya bilərəm. “Qarabağ” da əla komandadı, son illərin qalibidi. Bu mövsüm ÇL-dəki çıxışlarını gördüm, həqiqətən yaxşı oynadılar. “Qarabağ” “Qəbələ” üçün yeganə problemdi.

- Bu mövsüm hansı komandanın çempion olacağını təxmin edirsən?
- “Qarabağ”ın şansı “Qəbələ”dən daha çoxdu. Ancaq hər şey “Qəbələ”nin qarşıdakı oyunlarda nə edəcəyindən asılıdı. “Qəbələ”nin də çempionluq şansı var.

- Ölkə kubokunda isə “Qəbələ”ni “Neftçi” ilə mübarizə gözləyir. Əvvəlki illərə baxanda bu mövsüm “Qəbələ”nin ölkə kubokunu qazanması daha real görünür. Sən necə düşünürsən?
- “Qəbələ”yə uğurlar arzu edirəm və ümid edirəm ki, onlar “Neftçi”ni məğlub edib finala adlayacaqlar. Finalda da qalib olub kuboku qazanacaqlarına inanıram. “Qəbələ” istənilən kluba qalib gələ bilər.