Bizim futbol

Stoyanoviç: “Əminəm ki, bir daha son dəqiqələrdə qol buraxmayacağıq”

“Keşlə”nin futbolçusu Nemanya Stoyanoviç dsport.az saytına müsahibə verib. Qışda komandaya transfer edilsə də, yalnız son turda “Neftçi”yə qarşı matçda debüt edən serbiyalı oyunçu qarşıdakı görüşlərdə də oynayacağına ümid edir:

- Son turda “Neftçi” ilə oynadınız və məğlub oldunuz. Görüşü necə xarakterizə edərdin?
- Bu oyunda bizim sadəcə, bəxtimiz gətirmədi. Bundan sonra son dəqiqələrdə daha yaxşı konsentrasiya olmalıyıq. Bu futboldu, hər zaman belə şeylər ola bilər. Ancaq biz daha çox işləməliyik ki, bu cür hallar təkrar olunmasın.

- Qışdan sonra ikinci oyundu ki, son dəqiqədə buraxdığınız qolla məğlub olursunuz. “Sumqayıt”la matçda da son dəqiqə qolu sizi bir xaldan etmişdi. Nəyə görə belə olur?
- Bunun nəyə görə olduğunu deyə bilmərəm. Sadəcə onu dəqiq bilirəm ki, biz maksimum dərəcədə işləyəcəyik ki, bu problemi aradan qaldıraq. Əminəm ki, biz bir daha son dəqiqələrdə qol buraxmayacağıq.

- “Neftçi”yə qarşı matç sənin üçün də debüt görüşü oldu. Nəyə görə debütün bu qədər gec oldu?
- Öncə onu deyim ki, debütümə görə çox sevinirəm. Fikrimcə, qısa müddətdə öz səviyyəmi göstərərək, komandama da kömək ola bildim. Bundan sonra daha çox oynayacağıma inanıram.

- “Keşlə”yə kömək edə biləcək gücdə olduğunu düşünürsən?
- Bəli, “Keşlə”yə kömək edəcək gücdə olduğumu düşünürəm. Elə bura da onun üçün gəlmişəm. 

- Oynamasan da ölkə çempionatımızı izləyirsən. Premeyr Liqa haqda nə deyə bilərsən?
- Azərbaycan Premyer Liqası çox yaxşı durumdadı. Çünki hər bir komanda istənilən görüşdə qalib gəlib, digərində də uduza bilər. Bu isə futbolda yaxşı haldı. Burada bir dənə də olsun asan oyun yoxdu. 

- Sənə görə Azərbaycanda ən güclü futbolu hansı komanda oynayır?
- Hər bir komandaya hörmətlə yanaşırıq. Ancaq düzünü demək lazımdısa, fikrimcə, Azərbaycanda ən güclü futbolu “Qarabağ” və “Neftçi” oynayır. 

- “Keşlə” ölkə çempionatında yaxşı çıxış etməsə də, avrokuboklara yollanmaq şansını saxlayır. Ölkə kubokunda “Sumqayıt”ı keçə bilərsiz?
- Bizim üçün cari mövsümdəki yeganə uğurumuz elə ölkə kuboku ola bilər. Biz 200 faiz meydanda gücümüzü qoyacağıq ki, kuboku qazanaq. Çünki məlum məsələdi ki, çempionat bizim üçün başa çatmaq üzrədi. “Sumqayıt” isə elə də güclü komanda deyil ki, onları keçə bilməyək. Hər iki oyunda da uğurlu nəticə üçün oynayacağıq.

- Mətbuatda Yuri Maksimovun komandadan ayrılacağı bildirilir. Bu “Keşlə”yə necə təsir edər?
- Bu barədə bir söz deyə bilmərəm. Çünki mənim qarışacağım və şərh edəcəyim məsələ deyil.