Bizim futbol

Asif Məmmədov: “Biz həm “Keşlə”yə, həm də meydançaya qarşı mübarizə aparacağıq”

“Qəbələ”nin ikinci kapitanı Asif Məmmədov Dsport.az saytına müsahibə verib:

- Sabah Premyer Liqanın 20-ci turu çərçivəsində “Qəbələ”nin rəqibi “Keşlə” olacaq. Bu matçda qalib gələ biləcəksiz?
- Sabah bizi yaxşı komandaya qarşı ağır və çətin oyun gözləyir. “Keşlə” yaxşı komandadı. Son oyunda sonuncu dəqiqədə qol buraxıb məğlub oldular. Çətin oyun olacağı dəqiqdi.

- Rəqib barədə hansı fikirdəsən? Yenilənmiş heyətə malik olan “Keşlə” “Qəbələ”yə problemlər yaşada bilər?
- “Keşlə” nəinki “Qəbələ”yə, hər bir komandaya problem yarada bilər. Çünki yaxşı heyətləri var. 

- “İnter Arena”nın ot örtüyünün yaxşı durumda olmadığı məlumdu. Bu meydanda oynamaq sizin üçün əlavə problem olmayacaq ki?
- Desəm olmayacaq, yalan olar. Biz sabah həm meydança ilə, həm də “Keşlə” ilə mübarizə aparacağıq. Ona görə də oyuna 200 faiz hazırlaşmaq lazımdı. Yəni hər oyundan fərqli.

- “Qəbələ” qışdan sonra elə də inamlı çıxış etmir. Bu qeyri-sabit çıxışın səbəbi nədi bəs?
- Hər komandada eniş də, yüksəliş də olur. Mən deməzdim ki, pis çıxış edirik. Sadəcə, bir az bəxtimiz gətirmir desək, daha doğru olar.

- “Kəpəz” üzərindəki çətin qələbədən sonra demək olar ki, komandadakı həm əhval-ruhiyyə, həm də işlər qaydasına düşdü?
- Qələbə hər zaman xoş olur. Ona görə də qələbə qazananda əhval-ruhiyyə də yerində olur. Ancaq bunun davamını gətirmək lazımdı.

- “Qarabağ”la çempionluq mübarizəsindən qopduğunuzu demək olar?
- Yox, belə demək olmaz. Çünki qarşıda hələ xeyli oyun var.

- Yəni komanda hələ də çempion olacağına inanır?
- Əlbəttə ki, inamımız var. Çünki həmin inam olmasa, bu bizə baha-başa gələ bilər. Hər oyuna qələbə üçün çıxırıq. Sonda necə olacaq, elə onu da sonda görəcəyik. Hələ ki, nə qədər şansımız varsa, mübarizə aparırıq.