Bizim futbol

“Oyun təcrübəsi qazanması üçün Ramil Şeydayevin başqa kluba keçməsi yaxşı olar”

Milli komandamızın keçmiş hücumçusu Fərrux İsmayılov Dsport.az saytına müsahibə verib. İsmayılov milli komandamızın forvardı, “Qarabağ”da əsas heyətə düşə bilməyən Ramil Şeydayev barədə danışıb.

- Ramil Şeydayev “Qarabağ”ın əsas heyətinə düşə bilmədiyinə görə, son vaxtlar çox adam belə fikir bildirir ki, o, komandadan getsə, daha yaxşıdı. Bu fikirlə razısan?
- Onu baş məşqçi bilər, Ramil getsin, yoxsa qalsın. Sadəcə, oyun praktikası qazanmaq baxımından, gedib başqa komandada oynaması yaxşı olar. 

- Millinin heyətində Almaniyaya qol vuran forvardın “Qarabağ”da ehtiyatda oturmasını necə qarşılayırsan?
- Millidə hər qol vuran oyunçu ehtiyatda otura bilməz ki?

- Necə düşünürsən, Şeydayev “Qarabağ”da 15 dəqiqə oynamağa da layiq deyil?
- Nə deyim vallah. Hazırda hansı formada olduğunu bilmirəm axı. Baş məşqçi nə etmək lazım olduğunu daha yaxşı bilir.

- Ola bilər ki, Qurban Qurbanov hansısa səbəbə görə, Ramili “qara siyahı”ya salıb?
- Bilmədiyim şeyi deyə bilmərəm. Ancaq nəyəsə görə heç vaxt Qurban müəllimin elə edəcəyinə inanmıram. Çünki orada hər bir oyunçu bir-birindən güclüdü.

- Ramilin Azərbaycanda daimi oynaya biləcəyi komanda var?
- Komandanın fərqi yoxdu. Sadəcə, əsas heyətdə çox oynamalıdı ki, onda nəsə görünsün.

- Düşünmürsən ki, Ramil AFFA-nın təklifini geri çevirib “Zenit”də qalsaydı, karyerası başqa cür alınardı?
- Belə deməzdim mən. Ancaq burada da istər millidə, istərsə də klubda güvənildiyi vaxtlar oldu. Hər şey Ramilin öz əlində idi. Bəlkə də Rusiyada qalsaydı, Ramil itib-batacaqdı. Heç kim deyə bilməz ki, qalsaydı, necə olacaqdı. Hücumçu hər fürsəti maksimum dəyərləndirməlidi. Bəlkə də onun acısını çəkir indi Ramil.