Bizim futbol

“Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”

“Bilirdik ki, “Neftçi” səfəri çətin olacaq”.

Dsport.az xəbər verir ki, bu sözləri “Zirə”nin məşqçisi Elnur Çodarov deyib.

Paytaxt klubu Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə “Neftçi” ilə heç-heçə edib - 1:1.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc mütəxəssis fikirlərini bildirib: “Bəzi oyunçularımız zədə, bəziləri isə cəza səbəbindən oynamırdı. Ümumilikdə Qəbələ hadisələrindən sonra komandada psixoloji gərginlik var idi. Həftə ərzində çalışdıq ki, yaxşı oyun sərgiləyək. Düşünürəm ki, nəticə bizim üçün yaxşı hesab olunmalıdı”.

- İkinci hissədəki çıxışınız heç-heçəyə oynadığınızı göstərdi. "Qəbələ"nin məğlubiyyətinin buna təsiri oldumu?
- Əsas heyətin bəzi oyunçuları gedib və yenilərin uyğunlaşması ləngiyir. Bir neçə görüş lazım idi ki, tam uyğunlaşsınlar. “Qəbələ”nin nəticəsinə fikir vermədik. Biz öz oyunumuzu göstərdik. Komandadan razıyam. Məqsədimiz uduzmamaq idi.

- Texniki zonada ilk dəfə “dirjor” rolunda idiniz. Özünüzü necə hiss edirdiniz?
- Normal. Pis deyildi.

- İlkin Muradov qırmızı vərəqə aldığı epizodda yersiz hərəkətlər etdi. Onun cəzalanacağı gözlənilir?
- Təkrara baxacağıq, epizodu təhlil etdikdən sonra qərar verəcəyik.