Bizim futbol

Roman Qriqorçuk: “Bunu gözləmirdim”

Topaz Premyer Liqasının 17-ci turunda səfərdə “Səbail”ə uduzan (1:2) “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Dsport.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

- Uduzduğumuza görə təəssüf edirəm. Bu məğlubiyyəti gözləmirdim. Qapımızda gözlənilməz qol gördük. Bu da, uduzmağımıza səbəb oldu.

- Məğlubiyyətdə komandanın rəqibi dəyərələndirməməsi nə dərəcədə rol oynadı?
- Bu gün pis oynamadıq. Sadəcə, əldə etdiyimiz qol fürsətlərindən yararlana bilmədik. Hətta deyərdim ki, bu oyunda qalib gəldiyimiz bəzi oyunlardan daha çox qol fürsəti əldə etdik. Deməzdim ki, rəqibi düzgün dəyərləndirmədik. Buna görə, futbolçularımı günahlandıra bilmərəm.

- Bu gün Cavid Hüseynov və Qismət Alıyevin yoxluğu komandanın məğlubiyyətində nə dərəcədə rol oynadı?
- Bunu demək olmaz. Bilmək olmaz onlar olsaydı, nəticə necə olardı. Bunu ancaq həmin oyunçular çıxış etsə, bilmək mümkün idi. Həm də, kimsə oynamırsa, bu o demək deyil ki, kimsə oynamırsa, komanda uduzmalıdı.

- Adətən hücumda Monroz-Dabo-Kone üçlüyünə şans verirsiz. Bu dəfə isə fərqli hücum xəttinə şans vermişdiz...
- Deməzdim ki, həmişə belə oynamışıq. Bundan əvvəlki iki oyunda da Konesiz çıxış etmişdik, ancaq qalib gəlmişdik.

- Sabah “Qarabağ” qalib gəlsə, xal fərqi 9-a çatacaq. Qarşıdakı 11 turda bu fərqi aradan qaldırmaq nə dərəcədə mümkün olacaq?
- İndiki məqamda “Qarabağ” “Qəbələ”dən güclüdü. Xal fərqinin heç bir əhəmiyyəti yoxdu. “Qarabağ” çox güclü komandadı. Ancaq biz də təslim olmayacağıq. Sona kimi mübarizə aparacağıq.