Bizim futbol

“Qarabağ”da hücumçu problemi olduğunu düşünmürəm” - Mirbağır İsayev

“Neftçi”nin sabiq məşqçisi, U-17 yığma komandamızın keçmiş baş məşqçisi Mirbağır İsayev Dsport.az saytına müsahibə verib. O, Topaz Premyer Liqasının geridə qalan 16-cı turunun oyunları haqda fikirlərini bizimlə bölüşüb:

- “Zirə” yaranandan “Qəbələ” üçün onları məğlub etmək çətin olur. Bu dəfə də belə oldu. Sizcə, nəyə görə belədi?
- Ayrı-ayrı hissələr oldu. Birinci hissə “Zirə”nin üstünlüyü şəraitində keçdi. Düzgün taktika seçilmişdi, əks-hücumda oynayırdı “Zirə”. “Qəbələ” ondan qabaqkı turda “Qarabağ”la görüşdə bir xal qazandı. “Zirə” ilə görüşdə mütləq qələbə qazanmalı idi. İlk yarıda “Zirə” üstün oynadı, ikinci yarıda “Qəbələ”. Roman Qriqorçukun əvəzetmələri öz sözünü dedi.

- Roman Qriqorçukun əvəzetmələri sözünü dedi, yoxsa “Qəbələ”nin pressinqi artırmasına “Zirə” tab gətirə bilmədi?
- Əvəzetmələr öz sözünü dedi. Təmkin Xəlilzadə “Zirə”dən transfer edilib. Ancaq fikrimcə, hər futbolçunun öz komandası var. Məncə, Təmkin “Zirə” ilə oyunda “Qəbələ”yə xeyir vermədi. Elə buna görə də Qriqorçuk onu əvəzlədi. Asif Məmmədov meydana çıxandan oyunun tempi yüksəldi. İkinci yarıda “Qəbələ” çox xoşuma gəldi. Deyərdim ki, onlar layiqli qələbə qazandılar. Hələ üçüncü qolu da vura bilərdilər. 

- “Neftçi” qış fasiləsindən sonra çempionata qələbə ilə başlasa da, yenə uduzdu. “Sumqayıt” da artıq son illərdə “Neftçi”ni evdə məğlub etməyi bacarır. Bu görüşü necə şərh edərdiniz?
- Mənim üçün sevindirici haldı ki, “Sumqayıt”da bir nəfər də legioner yoxdu. Bu mənim həmişə arzum olub ki, işlədiyim yerdə legioner futbolçu olmasın. 

- Onlarla işləmək çətindi deyə, yoxsa nəyə görə?
- Xeyr, çətinlikdən söhbət getmir. Biri var azərbaycanlılarla işləyəsən, biri də var legionerlərlə. “Sumqayıt”ın hazırda əsas oyunçularından olan Rəşad Eyyubov Odessa futbolunun yetirməsidi. Onu o vaxtı mən gətirmişdim ölkəyə. Mənim xoşuma gələn futbolçulardan biridi. Cavid İmamverdiyev “Neftçi”nin yetirməsidi. “Sumqayıt” bütün komponentlərdə “Neftçi”ni üstələmişdi. Birinci növbədə də sürətdə. Bunu da Samir Abasov edir. Onları yaxşı işlədir ki, fiziki gücü də yerindədi komandanın. Məşqçinin üzü onun komandasıdı.

- “Keşlə” yenilənmiş heyətilə ilk qələbəsini “Kəpəz”lə matçda qazandı. “Keşlə”nin oyununu necə, bəyəndiniz?
- Çox darıxdırıcı oyun idi. Məncə, ədalətli nəticə heç-heçə idi. 30-35-ci dəqiqə idi, zərbə yox idi qapıya. Yuri Maksimov özü də deyib ki, bəxtimiz gətirdi. Fuad Bayramovun zərbəsi oldu, o da qol oldu. Həmin qol “Kəpəz”in dayaq yarımmüdafiəçisinin səhvi idi. Sergey Litovçenko da komandasını xilas edə bilərdi, ancaq bacarmadı. 

- “Kəpəz”in problemi sizcə, nədədi?
- “Kəpəz”in probleminin nə olduğunu Yunis Hüseynov bilər. Çünki orada Yunis Hüseynov işləyir. Mən onların probleminin nə olduğunu deyə bilmərəm. 

- “Kəpəz” tərəfi bu matçda “Keşlə”nin qapısına penalti təyin olunmasını istəyirdi. İlkin Sadıqovun epizodu haqda hansı fikirdəsiniz?
- Hakimlik futbolun ən gözəl hissəsidi. Təki qərəz olmasın. Hakim səhv də edə bilər. Həmin epizodda 11 metrlik cərimə zərbəsindən söhbət gedə bilməz. Orada hakimə haqq qazandırıram. Yunis Hüseynovun gəlişindən “Kəpəz”in oyundan-oyuna artıracağına inanıram. Yeni yığılmış komandadı. Qış fasiləsində yığılmış komandanın isə özünü tutması üçün vaxt lazımdı. 

- “Səbail” – “Qarabağ” matçında ikincilərin çətin qələbə qazandığını gördük. Halbuki “Səbail” son dəqiqələrdə bir xala çox yaxın idi...
- Samir Əliyev orada çox yaxşı komanda qurub. Onlar daha yaxşı nəticələr qazana biləcəklər. “Qarabağ”la görüşdə bir xal qazanmaqları da “Səbail” üçün üç xal kimi idi. Futbolçulardakı xarakter, hər şey idi. Məncə, “Səbail” qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanacaq. 

- “Qarabağ”da son nöqtəni qoymaq problemi olduğunu görünür. Sizcə, bu problemi Ramil Şeydayev aradan qaldıra bilməz?
- Mən buna problem deməzdim. Qurban Qurbanovla bir-birimizi görəndə fikirlərimizi bölüşürük. “Qarabağ” tamam başqa futbol oynayır. O, digər komandalarımızdan seçilir. “Qarabağ” Avropa futboluna yaxın futbol oynayır. Qaldı ki, hücumçu probleminə, mən onu problem saymıram. Çünki orada Ağabala Ramazanov, Mahir Mədətov, Ramil Şeydayev var. Ağabalanın adından danışa bilərəm, gecə-gündüz işləyərəm ki, əsas heyətə düşüm. Ağabalada hər şey var, qol vura bilmir. Mən Ramil Şeydayevi meydanda görməmişəm. Yaxşı olsa, Qurban Qurbanov onu əsas heyətdə meydana buraxardı. Ramil Şeydayev özü-özünə sual versin ki, mən nəyə görə oynamıram?