Bizim futbol

Davud Kərimi: “Ehtiyatda qalmaq istəmirəm”

“Kəpəz”in qapıçısı Davud Kərimi Dsport.az saytına müsahibə verib:

- Komandanızın fasilədən sonrakı çıxışını necə dəyərləndirirsən? Son turda “Keşlə”yə də evdə uduzdunuz. Bu matç haqda nə düşünürsən?
- Fasilədən sonra komandanın oyununda dəyişiklik var. Bunu görməmək olmaz. Komandamız yaxşı mübarizə aparır. Meydançanın hər yerində futbolçular can qoyur. Sadəcə, bəxtimiz gətirmir. Şans yanımızda olsa, hər şey daha yaxşı olacaq. Qarşıdakı oyunlarda daha yaxşı olacağını düşünürəm.

- “Kəpəz” “Keşlə” ilə görüşdə İlkin Sadıqovun epizoduna görə penalti tələb edirdi. Səncə, penalti var idi həmin epizodda?
- Məncə, həmin epizodda penalti var idi. Çünki Denis Silva topa oynamaq istədiyi halda, ayağı boşa getdi və İlkin Sadıqova dəydi. Həmin epizodda da Sadıqovu yıxdı. 

- “Kəpəz” turnir cədvəlinin son pilləsindən qurtula biləcək?
- Hamımız ümidliyik ki, “Kəpəz” son pillədən qurtulacaq. Bu çətin olsa da, mümkünsüz də deyil. Bu cür oynamağa davam etsək, qələbə qazanacağıq. Qələbə qazansaq, davamı gələcək.

- Bir müddət əvvəl Sergey Litovçenko transfer ediləndə açıqlama vermişdin ki, buna müsbət baxırsan, rəqabət həm sənin, həm də komandanın xeyrinədi. Qış fasiləsindən sonrakı iki turda əsas heyətdə Litovçenko oynadığı halda, sən ehtiyatda qalırsan. Bu məsələyə münasibətin necədi?
- Bu barədə danışmaq istəmirəm. Düzdü, iki oyundu ki, qapıda dayanır. Ancaq bu barədə danışmaq istəmirəm. O, gəlmə olduğuna görə ona şans verilir. 

- Litovçenkonun hər turda oynadığını nəzərə alsaq, belə çıxır ki, sən hələ rəqabətdə ukraynalıya uduzursan?
- Mən öz şansımı gözləyirəm. Özümü isə heç kimdən zəif saymıram. Rəqabətdə də heç kimə uduzmuram. Sadəcə, Yunis Hüseynovun indi fikri belədi ki, qapıda Litovçenko dayansın. Şans veriləndə də, ondan yüksək səviyyədə istifadə edəcəm.

- Onun iki oyundakı çıxışını necə dəyərləndirirsən?
- Onun oyunları barədə danışmağım düz olmaz. Hələ ki, normal dayanır. Litovçenkonun oyununu analiz etmək istəmirəm. 

- Mövsüm sonuna kimi bu cür ehtiyatda qalmağa davam etsən, “Kəpəz”dən ayrılmağın mümkündü?
- Təbii ki, mövsümün sonuna kimi ehtiyatda qalmaq istəmirəm. İnanıram ki, qarşıdakı oyunlarda mənə də şans gələcək. Mən də şansdan istifadə etmək istəyirəm.