Bizim futbol

Milan Dyuriç: “Qəbələ”yə qarşı sonadək mübarizə aparacağıq, bizə xal lazımdı”

”“Zirə”nin yarımmüdafiəçisi Milan Dyuriç Dsport.az saytına müsahibə verib:

- Fasilədən sonrakı ilk görüşünüzü “Sumqayıt”a qarşı keçirdiniz və bir xalla kifayətləndiniz. Görüşü komandan üçün necə dəyərləndirirsən?
- Komandamız bu görüşdə yaxşı oynadı. Bizim qol vurmaq, qələbə qazanmaq üçün çox şansımız oldu. Ancaq qol şanslarından istifadə edə bilmədik. Çünki həmin gün şans bizim tərəfdə deyildi.

- Çətin oyun olacağını çoxları gözləyirdi. Bəs səncə, qələbə qazanmağınıza mane olan səbəb nə idi?
- Səbəb deyim də nə idi, sanki top “Sumqayıt”ın qapısına girmək istəmirdi. İki-üç real qol şansımız oldu, ancaq onu da vura bilmədik. Demək ki, şans yanımızda deyildi.

- Qələbə qazansaydınız, ikinci pillədəki “Qəbələ”ni ötüb keçirdiniz və özünüz ikinci pilləyə yüksəlirdiniz...
- Bəli, qələbə qazansaydıq, ikinci pilləyə yüksəlirdik. Ancaq “Sumqayıt”la matçda meydandakı oyunumuza görə çox sevindim. Çünki biz ikinci yarıda çox yaxşı futbol nümayiş etdirdik.

- Oyunun baş hakimindən idarəçiliyinə görə, narazı qaldınız?
- Hakimlik barədə danışmaq istəməzdim. Sadəcə, bir epizod haqda fikrimi söyləmək istəyirəm. Sadio Tounkaranın vurduğu qolu nəzərdə tuturam. Həmin epizodda oyundankənar vəziyyət yox idi. Özü də bu birinci dəfə deyil ki, bizim əlehimizə belə qərar verirlər.

- Komandanın heyətində yeni transferlər də yer almışdı. Yeni gələnlərin çıxışı barədə nə demək istəyərdin?
- “Zirə” çox yaxşı oyunçular gətirib. Yeni transferlərin hamısını çox bəyəndim. Onlar bizə çox kömək edəcəklər.

- “Sumqayıt”ın vurduğu qol zamanı Kamal Bayramov irəli çıxmışdı və səhvə yol verdiyini demək olar. Razısan?
- Səhv etmək oyunun ayrılmaz hissəsidi. Bu da hər bir insan üçün normaldı. Hamımız səhv edə bilərik. Həmin epizoddan sonra Kamal Bayramov bizi iki dəfə 100 faizli qoldan, əla qurtarışı ilə xilas etdi.

- Premyer Liqanın növbəti turunda rəqibiniz “Qəbələ”di. Hansı ki, “Qarabağ”la bərabərə qaldılar və çempionluğa oynayırlar. Bu matçda necə, xal qazanacağınıza inanırsan?
- Hər zaman olduğu kimi, bizi “Qəbələ”yə qarşı çətin oyun gözləyir. Son dəqiqəyə qədər meydanda mübarizəmizi aparacağıq. Çünki bu matçda da xal qazanmaq istəyirik.