Bizim futbol

Rauf Əliyev klubsuz qalmasına təəssüflənmir: “Heç bir təklif yoxdu”

“Kukesi”dən ayrıldıqdan sonra klubsuz qalan Rauf Əliyev Dsport.az saytına müsahibə verib. FİFA-nın qanunlarına görə, mövsüm ərzində üçüncü klubun formasını geyinmək olmaz. Bundan xəbərsiz olan Əliyev yalnız mövsüm sonunda hansısa klubla müqavilə imzalaya bilər.

- Rauf, hazıda nə işlə məşğulsan?
- Heç nə, məşq edirəm. Fərdi olaraq məşqlərimi davam etdirirəm. Həftədə 3-4 dəfə də futbol oynayıram. Çalışıram ki, formadan düşməyim.

- Klubsuz qalacağın ağlına gələrdi?
- Həyatdı da, hər şey ola bilər. Bununla heç nə bitmir ki. Mən məşqimi edirəm.

- Hansısa klub səni məşqə dəvət edib heç olmasa?
- Belə deyim də, söhbət gedir. Ancaq bu dəqiqə üçün konkret nəsə yoxdu. Ola bilsin ki, hansısa klubda məşq etdim.

- Məşq edəcəyin klubla sonradan müqavilə bağlaya bilərsən, yoxsa sadəcə, məşq etmək üçün gedəcəksən həmin klubun düşərgəsinə?
- Vallah, hələ ki, müqavilə barədə danışıq olmayıb. Sadəcə, məşq barədə söhbətimiz olub. Heç bu da konkretləşməyib. Mən də gözləyirəm, görüm necə olacaq.

- Ümumiyyətlə, ölkə daxilindən təklif aldığın klub var?
- Xeyr. Heç bir klubdan dəvət almamışam. Ona görə də artıq nəsə deməyim düzgün deyil.

- “Səbail” və “Sumqayıt” klublarının səninlə yaxından maraqlandığı yazılır. Bu nə dərəcədə doğrudu?
- Heç bir təklif almamışam.

- “Kukesi”dən ayrıldıqdan sonra Bakıya gəldin və sənin “Qəbələ”yə keçəcəyin gözlənilirdi. Maraqlıdı, qadağa olmasaydı, “Qəbələ” ilə müqavilə imzalayacaqdın?
- Bakıya gələndən sonra hələ heç bir klubla oturub danışmamışdım. “Kukesi”dən çıxandan sonra “Qəbələ”yə keçəcəm deyə, söhbət də olmamışdı. Sadəcə, oradan ayrılmaq istədim və ayrıldım. Hansı kluba keçəcəyimi sonradan biləcəkdim.

- Mövsümün sonuna qədər klubsuz qalacaqsan. Bu, yayda özünə yeni klub tapmağına və ya yaydan sonrakı çıxışına hər hansı təsir göstərə bilərmi?
- Həyatdı, gələcəkdə nə olacağını mən də bilmirəm. Sadəcə, gözləyirəm. Əsas odu ki, bu periodda yaxşı vəziyyətdə qalım. Buna nail olsam, sonra əziyyət çəkmərəm.

- “Keşlə”yə müqavilə məsələsinə görə keçmək istəmədin. Bu kluba keçidə razılıq vermədiyinə görə peşman deyilsən ki?
- Yox, mənim heç bir peşmanlığım yoxdu. Ümid edirəm ki, karyeramda hər şey daha yaxşı olacaq.