Bizim futbol

Yevgeni Koçuk: “Hamı məndən Ramil Şeydayevi soruşur”

“Səbail”in yeni transferi Yevgeni Koçuk Dsport.az saytına müsahibə verib:

- "Səbail"ə keçidin necə baş tutdu?
- Klubum "Jilina"dan mənə bildirdilər ki, səninlə maraqlanırlar. Dedilər ki, oyun praktikanın artırmağın üçün bu təklifi qəbul edə bilərsən. Amma "Səbail"ə gəlməyə özüm qərar verdim. 

- Samir Əliyevlə ilk görüşündə nələri danışdınız?
- Onlar mənim gəlməyimi gözləyirdilər. Mən də gəldim və şadam ki, bu komandadayam.

- Artıq bir turda meydana çıxmısan. "Keşlə"yə qarşı keçirdiyiniz görüş haqda nə deyəcəksən?
- Yaxşı, əsl mübarizə dolu bir oyun alındı. Həm biz, həm də rəqib qalib gələ bilərdi. Fikrimcə, ədalətli nəticə elə bərabərlik idi.

- Azərbaycan çempionatının səviyyəsi haqda nə deyəcəksən?
- Indidən çempionatın səviyyəsi barədə nəsə demək çətindi. Çünki cəmi bir oyunda meydanda olmuşam. Bir neçə tur sonra nəsə deyə bilərəm.

- Bəs öz komandan nəyə qadirdi?
- Biz istənilən rəqibə qarşı mübarizə apara bilərik. Çünki yaxşı heyətimiz var. Mövsümün sonunda "Jilina"ya qayıdacam, ya yox, onu indidən demək çətindi. Mən indi komandamda oynamaq istəyirəm.

- Hazırda "Qarabağ" və "Qəbələ" çempionluq mübarizəsi aparır. Bu komandalar barədə necə, məlumatın var idi?
- Əlbəttə ki. Birincilər Çempionlar Liqasında oynamışdı. "Qəbələ"nin də adını Avropa Liqasından tanııyıram.  Yəni bu komandalar haqda məlumatlı idim. Çempionat barədə də maraqlanmışdım.

- Ramil Şeydayevlə "Jilina"da çıxış etmisən. Gəlməmişdən onunla danışmışdın? Ölkəmizə gələndən sonra necə, görüşdünüz?
- Bəli, onunla dostluq edirik. Onunla danışdım, mənə dedi ki, gəl burada oyna, sənin üçün daha yaxşı olacaq. Bakıda da artıq görüşmüşük Ramillə. Görüşəndə çalışırıq ki, futbol barədə danışmayaq. Çünki bütün günü onsuz da futboldayıq.

- Səncə, Ramilin "Jilina"dakı karyerası niyə alınmadı?
- Məncə, çox yaxşı alındı. Oynadı, qollarını da vurdu. Onun "Qarabağ"da oynamasını istəyirsinizsə, "niyə oynamırsan" kimi sualları maksimum dərəcədə az verməyiniz yaxşıdı. Mənimlə on nəfərə yaxın jurnalist danışıb və hamı Ramil haqda soruşub. O, güclü futbolçudu, sadəcə, oynaması zaman məsələsidi. 

- "Qarabağ"la oyun haqda nə düşünürsən ?
- Çıxıb yaxşı futbol oynamağa çalışacağıq. Təbii ki, uduzmaq istəmirik. İnanıram ki, hər şey yaxşı alınacaq. 

- 2016/17 mövsümündə "Daçiya" formasında "Kəpəz"ə qarşı avrokuboklar oyununda üz-üzə gəlmişdiniz. Həmin heyətdə sənə rəqib olan Kərim Diniyev indi komanda yoldaşındı. Onunla heç həmin oyun barədə müzakirəniz olub?
- Kərimi görən kimi tanıdım. Çünki mərkəzdə oynayırdı, onunla tez-tez üz-üzə gəlirdik. Salamlaşdıq, yaxşı qarşıladı məni. Belə geniş müzakirəmiz olmadı. Sadəcə, həmin oyunu yada saldıq.