Bizim futbol

Ebrima Sohna: “Azərbaycan çempionatının səviyyəsi pis deyil”

"Keşlə"nin yeni transferi Ebrima Sohna Dsport.az saytına müsahibə verib. 

- Premyer Liqada ilk oyununu "Səbail"ə qarşı keçirdin. Komandanızın bir xal qazandığı oyunu necə şərh edərdin?
- Biz Türkiyədə yaxşı toplanış keçmişdik. Çempionatın başlamasını da səbirsizliklə gözləyirdik. Çox istəyirdik ki, qələbə qazanaq. Çünki liqaya qələbə ilə başlamaq daha yaxşı olur. "Səbail"lə matçda da qələbə qazanmağa yaxın olduq. Ancaq sonda bir xal qazandıq.

- Necə düşünürsən, siz iki xal itirdiniz, yoxsa rəqib?
- Məncə, qələbəyə yaxın olan tərəf biz idik. Çünki üstün oynadıq. Ancaq "Səbail" də pis oynamadı. Yaxşı rəqib idi. Növbəti görüşlərdə daha yaxşı nəticələr qazanmaq üçün oynayacağıq.

- Yeni heyət, yeni baş məşqçisi var komandanın. Gələcəyə ümid verir komanda?
- Yaxşı kollektivimiz var. Biz birlikdə daha güclüyük. Daha yaxşı işləyəcəyik ki, komanda daha yaxşı nəticələr qazansın.

- Azərbaycan Premyer Liqasında debüt edirdin. Çempionatı necə, bəyəndin?
- Çempionatın səviyyəsi pis deyil. Mən yalnız iki oyunu izləyə bildim. 

- Komanda yoldaşlarından bəziləri meydançanın örtüyündən şikayət edirdi. Sən meydançanız haqda nə deyəcəksən?
- Ot örtüyü haqda nə deyim? Sadəcə, bir az köhnə və sərtdi.

- Azərbaycan Premyer Liqasında debüt edən ilk qambiyalı kimi tarixə keçdin. Bunun sənin üçün hər hansı önəmi var?
- Bəli, bu barədə xəbərim var. Mənim üçün də maraqlı gəlir. Təbii ki, çalışacam özümü ən yaxşı tərəfdən göstərim. 

- Komandanız qarşıdakı turda "Kəpəz"lə qarşılaşacaq. Rəqib barədə hər hansı məlumatın var?
- Rəqib barədə geniş məlumatım yoxdu. Əsas öz oyunumuzdu. Biz bu görüşə də qələbə üçün çıxacağıq. Çalışacağıq ki, komandamız qalib gəlsin.