Bizim futbol

Sergey Litovçenko: “Son dəqiqələrdə qol buraxmaq hər zaman üzücüdü”

“Kəpəz”in qolkiperi Sergey Litovçenko Dsport.az saytına müsahibə verib:

- Azərbaycan Premyer Liqasında ilk oyununa çıxdın. “Neftçi”yə məğlubiyyət barədə nə demək istəyərdin?
- Çox çətin oyun oldu. Matçın böyük hissəsini müdafiə olunduq. İlk oyun idi deyə, çətin idi. Uşaqlar kompakt oynamağa çalışdı. Sadəcə, son dəqiqələrdə bizimki gətirmədi və qol buraxdıq. Prinsipcə, intizam və kompakt oyunumuza görə daha da artıracağımızı, yaxşı nəticələr olacağını düşünürəm. Azarkeşlərimizə də təşəkkür edirəm ki, bizə sona qədər dəstək oldular.

- Lap dəqiq desək, nəyə görə komandanız məğlub oldu?
- Oyuna hazırlığımız da yaxşı idi. Mübarizə aparırdıq, sadəcə, bir nəfəri boş buraxdıq, o da qolunu vurdu.

- Necə düşünürsən, qol epizodunda ötürməni verən İqnasio Herrera oyundankənar vəziyyətdə idi?
- Mən tərəfdən ofsayd olduğu görünürdü. Amma mən həmin epizodu dəyərləndirə bilmərəm. Sadəcə üzücü orasıdı ki, son dəqiqədə qol buraxdıq və uduzduq. Son dəqiqədə qol buraxmaq hər zaman çox üzücü olur.

- Premyer Liqamızı necə, səviyyə olaraq necə qiymətləndirərdin?
- Atmosfer çox yaxşı idi. Azarkeşləri də çox bəyəndim. Çoxdandı ki, belə bir atmosfer görmürdüm. Əvvəllər Ukraynada bu cür atmosferdə oynamışam. Bu cür atmosferdə hər zaman xoşdu.

- Yoxlama oyunlarında buraxdığın qollara görə, səni çox tənqid etdilər və güclü qapıçı olmadığını bildirirdilər. Bu sənə təsir edir?
- Tənqidlərə hər zaman sakit yanaşıram. Çünki hər bir insanın öz şəxsi düşüncəsi var. Mən meydandakı işimlə yaxşı qapıçı və daha yaxşı yerlərdə oynaya biləcəyimi sübut etməliyəm. Hər şey meydanda bilinir.

- Gürcüstanda “Baya Zuqdudi”dən sonra “Dinamo”ya keçmişdin. Azərbaycanda necə, “Kəpəz” sənin üçün daha güclü klublara keçmək baxımından tramplin rolunu oynaya bilər?
- Əlbəttə ki, qarşısına maksimum məqsədlər qoyan komandalarda oynamaq istəyərdim.

- “Qarabağ” və “Qəbələ” klublarından birində oynamaq istəyərdin?
- Təbii ki, oynamaq istəyərdim. Ancaq indi yalnız “Kəpəz”dəki oyunlarımı düşünürəm. Gələcəkdə necə olacağını elə zaman göstərəcək.

- Komanda hazırda son pillədədi. Necə düşünürsən, “Kəpəz” sonuncu pillədən qurtula biləcək?
- Çalışırıq ki, oyunlarda maksimum xallar yığaq. Heyətimiz yenidi, buna baxmayaraq, anlaşma yaxşı durumdadı. İnanıram ki, oyundan-oyuna xallar toplayacağıq.