Bizim futbol

Ziya Əzizov: “Zədələnməyim məni geri saldı”

Hollandiyanın “Den Boş” klubunda forma geyinən azərbaycanlı futbolçu Ziya Əzizov Dsport.az saytına müsahibə verib:

- “Den Boş”dakı işlərin istədiyin kimi gedirmi?
- Bəli, hər şey ürəyimcədi. Çünki yenə də oynamağa başlamışam. Bu da məni sevindirməyə bilməz. Komandamın uğuru üçün əlimdən gələni edirəm.

- Zədələnməyin səni geri saldı?
- Belə deyim də, zədələndiyimə görə bir çox oyunlarda oynamadım. Təbii ki, bu da məni geri saldı. Ancaq yenə də oynamağa başlamışam və çalışıram ki, əvvəlki kimi hər şey yaxşı olsun.

- Son turda “Eyndhoven”lə görüşdünüz və qalib gəldiniz. Bu matçda sən də iştirak etdin. Matç barədə nə deyəcəksən?
- Bizim üçün çox önəmli oyun idi. Komanda şəklində oynadıq və bu da öz nəticəsini verdi. Komandamızdakı atmosfer də daha yaxşı durumdadı.

- Komandanız son illərdə yüksək yerlər tuta bilmir. Bu il necə, Erediviziyaya yüksəlmək şanslarınız var?
- Şans hər zaman var. Sadəcə, əsas heyətin bir neçə oyunçusu zədəlidi. Ona görə də hardasa bir az çətinlik yaranır. Amma futbolda hər şey ola bilər.

- Hollandiyada zədədən əvvəl daima oynasan da, əsas və aşağı yaş qrup yığmaları səni diqqətdə saxlamırdı. Bu sənə təsir etmir ki?
- Xeyr, mənə heç təsir də etmir. Çünki mən o haqda düşünmürəm belə. Bütün fikrimi “Den Boş”dakı çıxışıma yönəltmişəm.

- Rəşad Sadıqovun səni U-21 yığmamızın növbəti toplanışına dəvət edəcəyinə inanırsan? Ümumiyyətlə, səncə, o, səni izləyir?
- Çağırılıb-çağırılmayacağımı bilmirəm. Rəşad Sadıqov məni izləyir ya, yox, bu barədə də bir söz deyə bilmərəm.

- Ümumiyyətlə, U-21 yığmamızın yeni çalışdırıcısı olan Rəşad Sadıqov haqda hansı fikirdəsən?
- Rəşad Sadıqov milli komandamızın uzun müddət kapitanı olub. Onun çox təcrübəli futbolçu olduğunu deyə bilərəm. Ancaq məşqçi kimi şəxsən hələ tanış olmamışam.

- Hollandiya Futbol Federasiyası necə, səninlə maraqlanır heç? Bu ölkənin U-21 yığmasında çıxış etmək şansın var?
- Hollandiya mətbuatında hər zaman adım Azərbaycan millisi ilə hallandığı üçün, məncə, Hollandiya millisi kənarda qalır. Ancaq belə, hər oyunumuzda Hollandiya yığmalarından bizi izləyən və bizimlə maraqlanan skautlar olur.

- Hollandiya millisinə düşməyin mümkün deyil yəni?
- Futbolda bəzən heç kimin gözləmədiyi şeylər baş verir. Sürprizlərlə doludu futbol.